“Xoş gəlmisiniz Zəngilana” – azerbaijan-news.az /TURKISHFORUM -ABDULLAH TÜRER YENER
Günlər, aylar və illər bir-birinə calanır və zaman deyilən anlayışın hüdudlarını aşaraq əbədiyyətə qovuşur. Erməni işğalçıları da işğal olunmuş Azərbaycan torpaqlarında haqqı və ədaləti unudub özlərini “əbədiyyətin ağası” və “zamanın hökmdarı” kimi aparırdılar.
Saxta bir qürrə ilə vaxtın onların xeyrinə işlədiyini düşünürdülər. Elə sanırdılar ki, illər ötəcək və Azərbaycan məğlubiyyətlə barışacaqdır.
Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev nikbin bir əzmkarlıqla ömrünün 18 ilini bu qələbəyə həsr etdi, bütün dünyanın qibtə edəcəyi ordu yaratdı, ölkənin müdafiə qüdrətini ən yüksək səviyyəyə qaldırdı, xalq-iqtidar birliyini Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə möhtəşəm gücə çevirdi. Onun bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində apardığı dərin islahatlar, beynəlxalq münasibətlərdəki diplomatik nailiyyətləri zamanı bizim xeyrimizə işləməyə vadar etdi.
18 illik möhtəşəm hazırlıqdan sonra Müzəffər Ali Baş Komandan yaratdığı Azərbaycan Ordusu ilə 44 gün ərzində işğalçı erməni faşist ordusunu darmadağın etdi, özlərini qalib və döyüşkən bilən fərari erməni əsgərinin “qalib” görkəmini sabun köpüyü kimi partlatdı. On mindən yuxarı qorxaq erməni əsgəri Qarabağı ildırım sürəti ilə tərk edib yalnız canını qurtarmaq hayında qaldı. Müharibə bitən vaxtdan bir il ötsə də, bu “qalib ordu” hələ də Qarabağ ərazisində atıb qaçdıqları əsgərlərinin leşlərini daşımaqdadır. “Döyüşkən erməni ordusu” haqqında əfsanəni bizim qətiyyətli Ali Baş Komandan müzəffər Azərbaycan Ordusu ilə birlikdə elə Qarabağ torpaqlarında dəfn etdi. Bütün dünya 30 ilə yaxın “döyüşkənliyi” ilə poz verib lovğalanan erməni ordusunun acınacaqlı aqibətinin şahidi oldu.
2021-ci il oktyabrın 20-si Zəngilan rayonunun işğaldan azad edildiyi günün birinci ildönümü idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhz həmin gün Zəngilanda bizimlə – rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu haqda KİV – telekanallar, müxtəlif saytlar geniş və ətraflı məlumat versələr də, düşündüm ki, Prezidentlə 27 il yurdundan didərgin düşən zəngilanlıların görüşü unudulmaz hadisədir. Mən də uzun illərin nisgilini içində daşıyan bir insan kimi təəssüratlarımı bölüşməyə ehtiyac duydum. Çünki bu görüşdə hər birimiz elə kövrək hisslərlə, elə unudulmaz anlarla qarşılaşdıq ki, onların qələmə alınması və oxuculara təqdim edilməsi həddən ziyadə zəruridir.
Bakıdan yola çıxanda fikirləşirdik ki, bu tədbir bir qədər rəsmi olacaq, hər şey protokola uyğun aparılacaq və biz dövlət başçısının çıxışını dinləyəcəyik. Lakin çıxış olmadı, biz qeyri-adi və fərqli səhnələrlə üzləşdik. Azərbaycan Prezidentini daha yaxından gördük, onun ürək sözlərini dinlədik. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan Prezidenti bütün rəsmiyyəti bir yana qoyub, dərdlərimizin, itkilərimizin ağırlığını, Vətənlə 27 illik ayrılığın nə demək olduğunu duyan müdrik insan kimi ən sadə, amma heç vaxt unudulması mümkün olmayan səmimi sözlərlə bizə müraciət edəcək: “Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər”.
Bu sözləri televizordan eşitmək, qəzet səhifəsindən oxumaq ayrıdır, dövlət başçısının dilindən Zəngilanda, özü də 27 illik ayrılıqdan sonra eşitmək tamam başqadır. Hamımız bir qədər kövrəlmişdik, çünki ağlımıza belə gəlməzdi ki, bizi doğma torpağımızda ilk dəfə Azərbaycan Prezidenti öz xanımı ilə belə qarşılayacaq və hamımıza “xoş gəldin” deyəcək.
Zəngilan bizi xəfif bir yağışla qarşıladı, sanki vətən də bizim gəlişimizdən kövrəlib bulud yaylığını nisgilli gözlərinə sıxmışdı. Həmişə içində itib əriməkdən zövq aldığımız duman da qarşıdakı dağların sinəsi ilə ehmalca sürüşüb gedirdi. Sanki bu da Zəngilanın dumanlarının buludlara can atan yallısı idi. İnsan ruhuna qürur bəxş edən bu görüşün xoşbəxt dəqiqələrini yaşadıqca sevinc də qəhərlə birlikdə boğazımıza dirənib gözlərimizin aynasında şehə çevrildi.
Təəssüf ki, elindən, ana torpaqdan uzun illər ayrı düşənlərin xatirələri də qubarlı olur. Atamı babamın yanında Zəngilanda dəfn edə bilmədik, ona atasının, anasının məzarı ayağında uyumaq qismət olmadı… Anam elə qəbirlərin dərdini çəkərdi, deyərdi ki, darıxırlar, orda torpaq da, daş da, hər məzar da əzizlərinin yolunu gözləyir. Zaman çoxlarını müqəddəs günün səadətini yaşamaq imkanından məhrum etdi. Bəlkə səbirləri çatmadı, bəlkə bitən ömürləri, qismətləri imkan vermədi. Biz bu xoşbəxt dəqiqələrin səmaları qucaqlayan sevincini yaşayanlardan olduq.
Mən Zəngilanda doğulmasam da, hər il ora gedərdik, yayı ata yurdunda keçirərdik. Hər il yayda Zəngilanda alıb içdiyim limonadın ətri, tamı yadımda Vətən qoxusu kimi qalıb. Bu ecazkar ətri əsla unuda bilmirəm. O limonadın dadına heç vaxt, heç yerdə rast gəlmədim. Axırıncı dəfə Zəngilana gedəndə nə qədər axtarsam da, onu hazırlayanı tapa bilmədim. Dedilər ki, buralarda yoxdur, dükanını bağlayıb döyüşə gedib. Qəribə adam idi, bir dəfə ondan soruşdum ki, sən bunu necə hazırlayırsan? Gülümsədi, zarafatyana cavab verdi ki, bir az dağ çiçəklərini qatıram bulaq suyuna, bir az da bu yerlərin ətrini… 27 il yaddaşımda qalan bütün bu qoxular yaz çəmənlərinin ətri ilə birlikdə mənə vətəni xatırladıb. Həmişə qubarlananda, vətən xiffəti çəkəndə əlimdən tutub köməyimə gəlib. Yurdumuz belə gözəl, belə şirin olub bizim üçün.
Ali Baş Komandan qurduğu yenilməz ordu ilə işğal edilmiş torpaqları bizə qaytarmaqla bərabər, bir daha unudulmaz xatirələrə reallıqda qovuşmağa imkan yaratdı. Biz bu görüşdə həm də onun şahidi olduq ki, dövlət başçısı Vətən torpağının hər qarışını bizdən daha artıq, daha çox sevirmiş. O, bizə Zəngilanın necə füsunkar təbiətə malik olduğunu, bu yerlərin gözəlliyinə heyran qaldığını dedi: “Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura, doğrudan da, Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq…”
Fikirləşirəm ki, qələbənin sirri də elə bundadır. Dövlət başçısından tutmuş sıravi vətəndaşa kimi hər birimiz işğal altında olan torpaqları sonsuz məhəbbətlə sevdik, nəyin bahasına olursa-olsun geri qayıtmağı qarşımıza məqsəd qoyduq. Görüşdə iştirak edənlər minnətdarlıq hissi ilə Azərbaycan Prezidentinin bütün dünyanı heyran qoyan unikal ordu yarada bildiyini, ona qələbənin və postmüharibə dövründə bərpa işlərinin memarı kimi minnətdarlıqlarını bildirdilər, qələbəni isə XXI əsrin hərb tarixinin möcüzəsi adlandırdılar.
Prezident İlham Əliyev təşəkkür etdi: “Sağ olun. Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik”.
Biz bu görüşdə dövlət başçısının sıravi insanlara, onların qayğılarına necə diqqətlə yanaşdığını gördük.
İlham Əliyev bir daha bizə qələbəyə gedən yolda görülən böyük işlərdən danışdı, ordumuzun, iqtisadiyyatımızın gücləndirilməsi, beynəlxalq mövqelərimizin genişləndirilməsi üçün çalışdığını dedi və xalq-iqtidar birliyi sayəsində qələbənin təməlinin qoyulduğunu bildirdi.
Dövlət başçısı bir daha bütün şəhidlərimizə rəhmət dilədi, torpaqlarımızın onların canı-qanı bahasına işğalçılardan azad edildiyini vurğuladı, Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin atası ilə söhbətləşdi: “Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki, doğrudan da, bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz”.
Zəngilan bu gün azaddır. Onun tarixində yeni mərhələ, yeni dövr başlayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Zəngilan nəinki Şərqi Zəngəzurun, Qarabağın, bütövlükdə Azərbaycanın, həm də yaşadığımız regionun mühüm nəqliyyat-logistika mərkəzi kimi vətənimizin ən dilbər guşələrindən birinə çevriləcəkdir.
Elçin VƏLİYEV,
Bir yanıt yazın