26 oktyabr

26 oktyabr – azerbaijan-news.az / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08:00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “İnstaqram” səhifəsində paylaşım edir:

“Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

***

Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozur.

Saat 08:05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini və Tərtərin, Ağdamın kəndlərini artilleriya atəşinə tutur.

***

Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciət edir. Dövlət başçısı Azərbaycan Ordusunun düşməndən azad etdiyi məntəqələrin siyahısını elan edir:

“Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”

Prezident deyir ki, düzdür, azad edilmiş məntəqələrdə bir şey qalmasa da, Azərbaycan öz doğma yurd yerlərini yenidən bərpa edəcək. Buna Azərbaycan xalqının da, dövlətinin də gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın:

“Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

***

“Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır”.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

***

Prezident İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibə verərək Ermənistanın növbəti təxribatlarını açıqlayır.

Prezident deyir ki, atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulur. Bunun xronologiyası da var: “Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq”.

Dövlət başçısı bir daha sülh razılaşmasının hansı şərtlər əsasında mümkün ola biləcəyini açıqlayır. Bildirir ki, Ermənistan tərəfindən də xoş məram göstərilməlidir. Əgər belə olsa, Azərbaycan Prezidentinin dediyi olacaq: “Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”.

***

Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutur. Dağıntılar və yaralananlar var.

***

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Qubadlı şəhərindən və rayonun Xanlıq, Padar kəndlərindən videogörüntülər yayır.

26 oktyabr - azerbaijan-news.az / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - camlica azerbaycan bayrak

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir