Site icon Turkish Forum

DİLİMİZ, VARLIĞIMIZ

“DİLİMİZ, VARLIĞIMIZ”Rufat Muradli Bakü/Azerbaycan - azeri almanya

“DİLİMİZ, VARLIĞIMIZ”
Rufat Muradli Bakü/Azerbaycan

Görkəmli Alman filosofu Martin Haydeqer “Dil varlığın evidir” deyirdi. Şübhəsiz ki, dil mədəniyyətin ən böyük elementi olmaqla həmin mədəniyyəti şəkilləndirən ən təsirli nəsnə sayılır. Hansı dildə yaşayır, yaradırsansa, həyat tərzin, mənəviyyatın da məhz o dillə mənsubiyyət qazanır. Vətənimizin Güneyindəki soydaşlarımızın fars dili ilə bağlı yaşadıqları assimilyasiya gerçəyi , Quzeydə də rus dilinin zaman- zaman “elitar” dilə çevrilməsi və ortaya çıxan acı sonuclar bu reallığı təsdiq edə bilər. Artıq inkarolunmaz həqiqətdir ki, dil hər hansı bir xalqın varlığının təzahürü, milli sərvəti, qan yaddaşı, mənliyidir.
Tarixi təcrübə göstərir ki, millətin dilinin dövlət statusuna yüksəlməsi həm də o millətin millət kimi təsdiqidir. Məhz bu zaman millətin öz taleyinə sahibliyi, dövlət qurmaq və qorumaq qüdrəti də sübuta yetir. Dünyada mövcud olan 200 -ə yaxın dövlətdə rəsmi dövlət dillərinin sayı 70-i keçməsə də sayı 35 milyon olmaqla ölkə əhalisinin yarısını təşkil edən, habelə yaşadıqları ölkənin tarixində və bu günkü yaşamında böyük pay sahibi olan Azərbaycan türklərinin bu günkü İran gerçəyində rəsmi dil statusu qazanmaları onların təməl haqqı sayılmalıdır.

Vətənimizin quzeyində isə hələ Sovetlər dönəmində ideologiyanın təsirində olsaq da belə, aşağı yuxarı Ana dilində təhsillə bağlı analoji diskriminasiya ilə üzləşmədik. Hətta Əsas Qanunumuzda Ana dilimizin dövlət dili kimi təsbit olunmasına da nail olduq.

Müstəqilliyimizi qazandığımız ilk illərdə isə dilimiz hətta öz halal adını – Türk dili adını qazansa da, 1995-ci il Əsas Qanununda Azərbaycan dili kimi təsbit edildi.

Dilçilik üzrə mütəxəssislərin düşüncəsinə görə zəngin dilimiz öz varlığı dönəmində zaman zaman əlifba dəyişiklikləri ilə üzləşmişdir. Orxun Yenisey əlifbası dönəmi ilə bağlı əsaslı araşdırmalara ehtiyac duyulur. İslamın gəlişiylə isə dilimiz öz yazılı ifadəsini uzun əsrlər ərəb əlifbası ilə həyata keçirmişdir. Ta ötən əsrin 20-ci illərinə kimi.
Əslində ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində Mirzə Fətəli Axundov tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən də dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycan Cumhuriyyəti elan olunduqdan sonra atılmışdır. Hətta 1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı.

Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi.

Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi. Lakin bu proses də cəmi 10 il sürdü. Kremlin qərarı əsasında azsaylı xalqların yeni yaradılmış əlifbaları ləğv olundu. 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul etdi.

Kirill qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. Belə ki, bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda, bir qayda olaraq, müxtəlif işarələrlə təsvir olunurdu. Bu da türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilmişdi. Ötən əsrin 80-ci illərində SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycanda da latın əlifbasına qayıdış hərəkatı başladı. O hərəkatın önündə gələn isimlərdən mərhum türkoloq, millət vəkili Aydın Məmmədov və digər fədakar alimlərimizin adını qeyd etmək vəfa borcumuz hesab edilir . Xüsusilə ona görə ki, latın əlifbası dilçilik baxımından dilimizə uyğun olması ilə bərabər, işğalçının iradəsi ilə qəbul etdirilmiş ərəb və kiril əlifbalarından fərqli olaraq, istər Cumhuriyyət dönəmində, istər 20-ci illərdə, istərsə də 90-cı illərdə məhz xalqın iradəsinin təzahürü kimi ortaya çıxdı.

1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradıldı və həmin komissiyanın hazırladığı layihə uzun müzakirə mərhələsi adlayandan sonra 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olundu. 20 ilə yaxındır ki, məhz 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Təəssüf ki, 20 il bayram etməyimizə baxmayaraq dilimizlə bağlı problemlərimiz hələ də mövcuddur. Kaş ölkənin təhsil sektorunda, elə siyasi sistemində də rus dilinə qalmaqda davam edən simpatiya doğma dilimizə münasibətdə də mövcud olaydı. Əgər ölkənin naziri öz Ana dilinə biganədirsə, o dil ümumxalq sevgisi qazanmaq üçün çox məşəqqətlərə düçar olacaq. Halbuki bir əsr öncə Cumhuriyyətimizin baş naziri Fətəli Xan Xoyski dilimizin önəmini, dilimizin yaşadığı faciəni parlament iclasında belə ifadə etmişdi : “Xudavandi- aləm hər yerdə istibdad varsa, evini yıxsın, necə ki rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləmyə söz axtarmağa möhtac qalmayaq!”

Ordusu, rəsmi sərhədi, paytaxtı olmadığı halda tarixi torpaqlarımız üzərində demək olar ki,”yalın əllə”dövlət qurub bizə ərməğan edən Qurucu babalarımızın ağlına belə gəlməzdi ki, 100 il ötəndən sonra bütün dövlət atributlarına malik Azərbaycanda yenə məmurlar dil sorunu yaşayacaq, dilə biganəlik sindromuna yoluxacaqlar. Sanki ölməz Üzeyir bəy hələ bir əsr öncə bugünkü gerçəyi görərək yazırdı :”Azərbaycan türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi böylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin bir dağıstanlı, bir malakanın bir gürcü ilə qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır”.
Elə isə belə bir sual ortaya çıxır – Bir əsr öncə, ağır problemlərə , təhsillərini özgə dilində almalarına rəğmın Ana dilinə, doğma mədəniyyətə bu qədər bağlılıq olduğu halda bu gün niyə o mənzərə ilə üzləşmirik?

Ana dili sevilmək, sevdirilməlidir. Bu missiya isə hər kəsdən öncə dövlətin üzərinə düşür. Dövlət sevərsə, millət də sevəcək, əzizləyəcək, qürur duyacaq. Çünki o bizimdir.

Necə ki, 75 il öncə ölməz Məhəmməd Təqi Zehtabi yazırdı : “Özümə məxsus olan başqa elim vardı mənim, Elimə məxsus olan başqa dilim vardı mənim…”

Exit mobile version