Bizi Ermənistanda Türkiyə orduları qoruya bilər – Yasəmən Qaraqoyunlu
Son bir neçə gündə Nüvədi sakinləri öz yurdlarına qayıtmaq istəyi ilə bağlı rəsmi orqanlara müraciət ediblər.
Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına, yaşadığı kəndlərə qayıtması məsələsi öz həllini necə tapa bilər? Ermənilər Qarabağda, Azərbaycan torpaqlarında qaldığı halda, azərbaycanlılar əsrlərdir yaşadıqları tarixi torpaqlarına niyə qayıda bilmirlər. Bu, ədalətsiz yanaşmadır. Sülh sazişi bağlanacaqsa, bu məqamlar nəzərə alınacaqmı? Bunun reallaşma imkanları nə qədərdir?.
AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu məsələ ilə bağlı hafta.az-a verdiyi açıqlamada bildirib ki, əgər Ermənistanla sülh sazişi bağlanacaqsa, orda Ermənistandan qovulmuş yarım milyon azərbaycanlının öz dədə-baba torpaqlarına qayıtması əsas tələb kimi qoyulmalıdır. Onun sözlərinə görə, sülh sazişi elə bir sənəddir ki, bağlanacağı təqdirdə biz rəsmi olaraq Ermənistan dövlətinin mövcudluğunu tanımış oluruq:
“Tanıyacağıqsa, bunu o şərtlə qəbul edə bilərik ki, azərbaycanlılar öz tarixi torpaqlarına qayıtsın. Çünki o yerlər bizim tarixi torpaqlarımızdır. Orda bizim evlərimiz, mülklərimiz hamısı yerində qalır. Azərbaycanlılar öz torpaqlarına, eləcə də Nüvədiyə qayıtsın, Ermənistan içərisində onların bəlli bir statusları olsun. Status vermirsə, heç olmasa öz vətəndaşları olan azərbaycanlıları öz ölkəsində qəbul eləsin. Yəni biz öz yurdumuza qayıtmalıyıq. Ermənistan parlamentində bizim vəkillərimiz olmalıdır. Hökumətdə təmsilçilərimiz olmalıdır”.
Y.Qaraqoyunlu hesab edir ki, bu gün Qarabağa gəlib məskunlaşan ermənilər necə burda qalıb yaşamaq istəyirlərsə, azərbaycanlıların öz yurdlarına gedə bilməməsi Azərbaycan türklərinin, xalqlarının haqqının pozulması kimi qəbul olunmalıdır. Tarixçi alim bildirdi ki, bu mənada Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların öz tarixi yurdlarına dönməsi həm də onların pozulmuş hüquqların bərpası ola bilər:
“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi Azərbaycan parlamentində iştirak da edə bilər. Necə ki, cumhuriyyət dönəmində Azərbaycan parlamentində erməni təmsilçilər də var idi və bu gün Türkiyə parlamentində də erməni təmsilçilər var. Türkiyədə ermənilər bir vətəndaş kimi necə xoşbəxt yaşayırlarsa, biz də Ermənistan dövlətinin vətəndaşı kimi parlamentdə təmsil olunmaqla, universitetlərdə oxumaqla, universitetlərdə türk dili tədris olunmaqla, öz dini inancımızı Məscidlərimizə gedib yerinə yetirməklə xoşbəxt yaşaya bilərik”.
Y.Qaraqoyunlu bildirib ki, regionda sülh dediyimiz yalnız bu şəkildə gerçəkləlşə bilər. Onun sözlərinə görə, bu şərtər yerinə yetirilməyəcəksə, bölgədə heç vaxt sülh reallaşmayacaq:
“Əgər sülh sazişindən söhbət gedirsə, bunun reallaşması BMT-nin Türkiyə-Azərbaycan dövlətlərinin nəzarəti altında ola bilər. Məlumdur ki, 5 illik sülhməramlılar Qarabağda erməniləri qorumaq adı altında ordadır. Azərbaycanlılar, türklər Ermənistana qayıtdığı şəkildə Türkiyə ordusu Ermənistana girərək orada azərbaycanlıların hüquqlarını müdafiə edib, yerləşməsi prosesinə nəzarət edə bilər. Yəni erməniləri Azərbaycan torpaqlarında Rusiya qoruyursa, bizi də Ermənistanda Türkiyə orduları qoruya bilər. Əgər ermənilər buna razılaşmasa, məsələ BMT-nin Nəzarət Komitəsinin nəzarəti altında da gedə bilər”.
Tarixçi alim bildirib ki, Ermənistanda daşnaq hökuməti devrilib bolşevik hökuməti qurulan zamanlarda ordakı azərbaycanlıların çoxu qaçıb Türkiyəyə İrana getmişdilər. Erməni bolşevik hökuməti onların geri qaytarılması uğrunda bir mübarizə başlatdı. Çünki Ermənistanda dövlət qurmaq üçün əhali azlıq təşkil edirdi. Ermənistanın iqtisadiyyatını da inkişaf etdirmək lazım idi. İrana və Türkiyəyə qaçmış azərbaycanlıların yarısı Ermənistana qayıdandan sonra Ermənistan dövlət kimi inkişaf elədi. Ermənistanda 2 milyona yaxın insan var. Bu sayla dövlət qurmaq olmaz. Bölgədə sülh yaratmaq istəyiriksə, Ermənistan beynəlxalq layihələrə qoşulmaq, gerçək sülh olmasını istəyirsə, o zaman Azərbaycan vətəndaşı olan ermənilər Qarabağda xoşbəxt yaşasın, biz də gedib tarixi torpaqlarımızda -Ermənistanda sülh içində yaşayaq. Bu mümkün deyilsə, heç bir sülh sazişinin bağlanmasından söhbət gedə bilməz. Bu olmadıqca, sülh mümkün olmayacaq. Çünki biz – Ermənistan vətəndaşları olan azərbaycanlılar həmişə Ermənistana qarşı mübarizə aparacağıq”.