Azərbaycan İslam Partiyasının birinci müavini, teoloq Hacı İnqilab Əhədli İslamda murdar sayılan heyvanlarla rəftar qaydaları, canlılarla qəddar münasibətin günahı və cəzası barədə islamınsesi.az saytına müsahibə verib.
– Cəmiyyətdə İslamın it və pişiklə münasibətində bildiyi bir şey var – onlar murdardır…
- Heyvanlara murdar deyilərkən məqsəd özünü qorumaqdır. Quran və şəriətdə bəzi heyvanların ətinin yeyilməsi, bəzi heyvanlarla təmas qaydaları var. İt məişətimizdə lazımdır – heyvandarlıqda, həyəti qorumaqda . Heyvan insanla birgə yaşadığı üçün artıq dil bilir. Gəl, get əmrini başa düşür. Heyvanın bu xisləti bəzi ağıllı insandan daha üstündür. İtin yediyi qabda təbii ki, yeməyəcksən, əlin yaş itə toxunmayacaqsan. Ev heyvanlarını yaradan Xaliq bizə elm də verib ki, onlarla necə davranaq.
Necə sağmal inəklə davranmaq qaydalarını biliriksə, həyətdə saxladığımız heyvanlarla davranış qaydalarını da bilməliyik. İtin ağzının suyu paltarıma dəyərsə, əlim yaş itə dəyərsə, yumaqla pak ola bilərəm. Bunun qarşısında itin mənə verdiyi xeyrə baxaq. Əgər mənim əlim və it quru olarsa, bu nəcis deyil. Amma ikimizdən biri yaş olarsa, bu nəcisdir. Amma bu o demək deyil ki, itin ağzının suyu nəcisdirsə, mən ona cəza verməliyəm, yaxud it bilmədən gəlib mənə toxunubsa, yaxud mənə sevgisini göstərmək üçün əlimi-üstümü yalayıbsa, yaxud qabıma giribsə, onu döymək insanlıq deyil. Qabı yumaq, yaxud atmaq olar. Heyvanın 5 əlamətindən 3-ü mənə xeyirdirsə, çoxluğa üstünlük verməliyəm.
Bir də ki, təmizliyə riayət etmək İslamın vacib şərtlərindəndir. Hətta dəstamazlıyamsa belə, yeməyə oturanda və yeməkdən sonra əllərimi yumağım məsləhətdir. Ev heyvanlarını saxlayanlar başqasından aldığı qəzəbini heyvanın bilmədən etdiyi bir səhvə görə çıxmamalıdır. Bu əxlaqdan kənardır, heyvanı döyən, ona işgəncə verən heyandan çox aşağıdır. Hər bir yaradılış Allaha bağlıdır. Əgər Allahın yaratdığı bir pişiyin, itin ayağı zədələnibsə, Allaha xatir ona sarğı qoyuramsa, rahat yerə qoyub qayğı göstərirəmsə, su, yemək verirəmsə, and olsun Allahın cəlalına ki, bu, bəziibadətlərdən daha üstündür.Allaha ibadət etmək insanın vəzifəsidir, amma əgər insan insani keyfiyyətlərilə Allahın yaratdığına şəfqət göstərirsə, bu da dəyərli ibadətlərdəndir.
Allahın yaratdığına xidmət etməklə Allaha xidmət edirsən. Heyvana sevgisi olanlar da onu Yaradanı sevsinlər.
Hər bir yaradılan – təfəkkürlü və təfəkkürsüz varlıqlar Allahın əsəridir. Əsəri sevib ona bağlanan, əsəri Yaradanı da sevməlidir.
– Heyvanlara qarşı qəddarlığın, xəstə və ac heyvanlara laqeydliyin İslamda cəzası necədir?
- Heyvanın bizə şikayət etməyə dili-ağzı yoxdur. Bir heyvan zarıyırsa, o, öz dilində Allahını çağırır. Heyvanların əksəriyyəti Allahın hikmətilə bir az su ilə belə sağalır. Küçədə yaşayan itə ,
pişiyə oğru heyvan deyirlər, ona pis münasibət göstərirlər. Oğurluq üçün ona cəza vermək olmaz. Onu oğurluqdan uzaqlaşdırmaq üçün heyvana yemək və su ver. Yeməyinin artığını heyvanların toplaşdığı yerə onların yeməsi niyyətlə qoysan, bu da Allaha xidmətdir. Allah deyir ki, hər kəsin zərrə qədər yaxşılığı varsa, mən o yaxşılığını ona qaytaracağam. Yaxşılıq deyəndə yalnız insanlar nəzərdə tutulmur. Bütün canlılalara olan şəfqət, mərhəmət və xidmət insanlığının nümunəsidir. İnsanın qəddarlığı onun heyvana münasibətində bilinər. Bu qədər gərək həssas olaq. Baxaq görək, İslamda nümunəvi şəxslər, övliyalar, Əhli-beyt heyvanlarla necə davranıb, onların dilini bilibdər. Bir heyvan zingildəyirsə, baxıb görürsən ki, ayağı qanayıb, deməli ona yardım etməliyəm.
– Azərbaycanda küçədə insanların gözü qarşısında itləri güllələyirlər. Bunu görənlər – uşaqlar, böyüklər qəddarlaşır, onlar üçün özündən zəifə qarşı zor adi hala çevrilir. Digərləri isə ciddi psixoloji travma alır və bütün həyatı boyu bu səhnəni unuda bilmir…
- Bizim yanımızda yalnız it və pişik yaşayır, vəhşi heyvanlar aramızda yoxdur. Şəriətə görə, əgər it dişlədiyi şəxsin həkim müayinəsindən sonra heyvanın qudurduğu aşkarlanarsa, yalnız bundan sonra həmin it öldürülməlidir. Çünki həmin itin dişlədiyi adam da qudurur.
Amma it səninlə oynamaq üçün, yaxud qəfildən qorxubsa, yaxud insanın kobudluğuna qarşı onu dişləyibsə, belə itin öldürülməsi qadağandıdır. Həmin itin dişləməsi sağalıb keçib-gedər. Hər dişləyən it quduz deyil. Həyatda nə qədər düşüncəli və ağıllı insanlar bir-birinə qarşı qəddar olur. Qardaş qardaşı öldürsə belə valideyn onu aparıb polisə verirmi? Əksinə ört-basdır edir. Amma bilməyrəkdən bir itin kimisə dişləməsinə görə onu öldürmək, yaxud işgəncə vermək insanlıq işi deyil.
Bir hədisdə deyilir ki, bir nəfər başqasını müşahidə edirdi. Sonra dedi ki, sən gözəl insansan. Həmin şəxs soruşdu ki, sən bunu nədən bildin? O dedi ki, mən sənin insanlığını heyvanla münasibətdə gördüm. Sənin həlim xasiyyətin var. Bunu heyvanla səbrli rəftarından gördüm.
Özünü tanıyan həqiqi möminlər, özünə insan deyən hər kəs bütün canlılara və cansızlara diqqətli olmalıdır. Yoldan daşı götürüb yolun qırağına qoymaq ibadət, Allaha xidmətdir. Bütün varlıqlara xidmət Allaha xidmət və ibadətdir. Bunu insanlar bilməlidir.
– Heyvanlara qarşı qəddarlığın İslama görə cəzası nədir?
– İmam Zeynalabidin (s) Məkkə ziyarətində Ərəfatda olanda imamın müridlərindən biri dedi ki, bu il ziyarətə çox adam gəlib. İmam dedi ki, yox, əksinə azdır. İmam görur ki, həmin şəxs yalnız zahirə baxır. Ona şəhadət və orta barmağı arasından ziyarətçilərə baxmağı təklif edir. Həmin şəxs də Məkkəyə gələnlərinin əksəriyətini heyvan cismində görür.
Qapıya mələklər, övliyalar, peyğəmbərlər hər sifətdə gələ bilər. Məkkədə qarışqanı tapdalamaq, ağcaqanadı öldürmək qadağandır. Hətta biri sənə söykənib yuxuya gedibsə, onu narahat eləmək olmaz ki, bəlkə imam Sahibbəzəman (əc) arasmızdadır və sənin çiyninə söykənib. Bunlar davranışımızda ehtiyatlı olmaq üçün xəbərdarlıqdır. Peyğəmbərimiz deyir ki, qapınıza gələn dilənçi atlı olsa belə ona kömək elə, atına, dəvəsinə baxma, Allaha xatir yola sal.
Qapıya gələn heyvanlarla da eynilə münasibət göstərib insanlağını göstərməlisən. İnsanın insanlığı edilməsi çətin olan işləri görməyi bacarmaqdır. Hamının elədiyini etməyə nə var ki?! İnsanlığın içərisində kamilləşməyinin nümunəsi odur ki, qapısına gələn düşmənlə belə rəftar qaydasını biləsən. Heyvana müqəssir ola bilər, nəsə səhv eləyə bilər, çünki o, elədiyinin mahiyyətini bilmir. Amma insan ki, pislə yaxşını seçməyi bilir. Odur ki, bunları bilməyən heyvana cəza vermək Allahla – o heyvanı Yaradanla qiyama, müharibəyə qalxmaq deməkdir. Bunun Allahdan gələn cəzası var.
Bir hədisdə deyilir ki, bir əxlaqdan naqis qadın səhradaymış. Susuzluğunu söndürmək üçün bir çətinliklə quyuya düşüb su içir. Quyudan çıxanda görür ki, bir it quyunun başında oturub susuzluqdan ləhləyir. Qadın yenidən quyuya düşür və başmağında su götürərək həmin itin susuzluğunu doyurur. Həmin əxlaqsız qadının bu hərəkəti Allah Təalaya o qədər xoş xəlir ki, onun günahı bağışlanır. Özü də bu savab o qədər güclü olur ki, qadın bütün ruhu və bədəninin titrəməsi ilə Allahın onu bağışladığını hiss edir.
Allah «Zəlzələ» surəsində deyir ki, hər kəsin zərrə qədər pis işi varsa, onun da cavabını ona qaytaracağam. Zərrə – mikroskop altında görünən hissəcikdir. Pislik deyəndə bu yalnız insanı deyil, bütün canlılara qarşı münasibət nəzərdə tutulur. Pislik bütün hallarda pisdir, həm insana qarşı, həm heyvana qarşı. Allah səndən soruşacaq ki, bildiyin halda ki, bu heyvanın Yaradanı, Sahibi mənəm, niyə ona cəza verdin?
Sən bilirsən ki, toyuğunu açıq qoysan pişik onu yeyər, yaxud iti bəd saxlasan və o, qapıdan girəni tutubsa, bu itin günahı deyil, sənin günahındır. Allah deyir ki, sən heyvanları ram edə bilərdin, amma əvəzinə ona əziyyət verdin. İnsanın vəhşi heyvanı əhlilləşdirməsi Allahın bizə heyvanlarla dil tapacağını göstərən gözəl bir arqumentdir.
Əgər it qudurmayıbsa, onu islah etmək olar, əgər heyvan acından qapılara gedirsə, onu doyurmaq insanın borcudur.
<
h3>Biz şüurlu olduğumuz üçün ağılsız heyvanların səhvi üçün zəmin yaratmamalıyıq. Saxladığımız heyvanlar üçün şərait yaratmalı, şıltaqlığını, səhvini bağışlamalıyıq. Allahın yaratdığı heyvanların bir hikməti var. Onlar olmasaydı, həyatda elə canlılar olardı ki, bizim yaşamağımız mümkün olmazdı.
Məsələn, ilanların zəhəri torpağı zəhərlərdən qoruyur. Torpağın bəhrə verməsi üçün ilan zəhəri udmalıdır. Nə qədər çox ilan olsa, torpaq o qədər bərəkətli olar. Zahirən ilan qorxuludur, amma Allahın hikmətində o nə qədər xeyirlidir. İt və pişik də siçovulların qənimidir, onlar olmasa yer üzünü bu həşəratlar basar. Quşlar bağlara, zəmilərə ziyan vuran həşəratları yeyir. Hər bir heyvanın bir hikməti var, biz bunları bilmirik. Bilmədiyimiz üçün heyvanları incidirik.
Hətta halal bilinən heyvanları belə bir-birinin gözü qabağında kəsmək olmaz. Bıçaq o qədər iti olmalıdır ki, o, kəsilməyini nəinki görməsin , heç hiss eləməsin.