Güney Azərbaycanı Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Doktor Mahmudəli Çöhrəqanlı Publika.Az-a müsahibə verib
– Bir vaxtlar siyasətdən getdiyinizi bəyan eləmiş, GAMOH-dan uzaqlaşmışdınız. Siyasətə yenidən qayıdışınız hansı ehtiyacdan yarandı?
– Səhhətimdəki problemlərə görə bir müddət siyasi fəaliyyətə fasilə verməli oldum. Bundan başqa, 2006-cı ilin mayında Güney Azərbaycanda baş verən hadisələr İran rejimində qorxu yaratmışdı. Ona görə də İranın təkidi ilə mənim Türkiyəyə və Quzey Azərbaycanımıza girişim yasaqlanmışdı. Bu yasaq indi də davam edir.
Amma ötən il Yaxın Şərq bölgəsi və İran adlanan ölkə çox həssas və kritik bir mərhələyə qədəm qoydu. Ola bilsin, ard-arda baş verən inqilablar bütün diktator rejimləri devrilməsi, hətta bölgəmizin siyasi coğrafiyasını dəyişməsinə gətirsin. Ona görə hərəkatımızın banisi və öncülü olaraq bu həssas dönəmdə əlimdən gələni əsirgəməməyi millət və vətən borcu saydım.
-DAK-ın son qurultayında Konqresin Məşvərət Məclisinin sədri seçilmisiniz. Bundan sonrakı fəaliyyətiniz hansı formada qurulacaq?
– GAMOH-un yeni qurultayı fevralın 1-də, Türkiyənin paytaxtı Ankarada keçirildi. Mən 4 il müddətinə yenidən hərəkata sədr seçildim. Aprelin 21-22-də isə DAK Ukraynanın Donetsk şəhərində qurultaya yığışdı, qurumun Məşvərət Şurasına sədri oldum. Bu iki önəmli vəzifə arasında əlaqə yaratmağa çalışacağam. Diasporumuzla münasibətləri yaxşılaşdıracaq, diasporun da diqqətini Güney Azərbaycan probleminə çəkməyə çalışacam. İnanıram ki, həm DAK, həm də GAMOH təşkilatları kəmiyyət və keyfiyyət baxımından güclənəcək.
– Güneydə azərbaycanlıların hüquqlarının pozulmasını önləmək üçün DAK və GAMOH hansısa addımlar atacaqmı?
-Güc birlikdən doğur, qələbə də gücdən. GAMOH və DAK-ın işbirliyi üçün heç bir əngəl və maneənin olmadığı düşüncəsindəyəm. İnanıram ki, Güney Azərbaycanı və Qarabağ problemlərini dünya ictimaiyyətinə çatdıracaq və bu problemlərin həllinə nail olacağıq.
– Sizcə, Güney Azərbaycanında yaşayan soydaşlarımızın azadlıq mücadiləsi müsbət nəticə ilə bitəcəkmi? Yaxın gələcəkdə Güneyin müstəqilliyə qovuşmaq ehtimalı varmı?
– Totalitar, diktator və irtica rejimləri iflas dövrünü yaşayır. İranda hakim olan rejim də ölkədə yaşayan millətlər arasında legitimliyini itirir. Bu rejim həm xarici müdaxilələr hesabına, həm də İran adlanan ölkədə yaşayan millətlərin qiyamı nəticəsində çökə bilər. Düşünürəm ki, İran rejiminin ömrü sona çatmaqdadır və yaxın gələcəkdə onu çağdaş və demokratik rejim əvəzləyəcək.
Qərbin, başda Amerika olmaqla, eləcə də bölgəmizdəki qardaş dövlətlərin də Güney Azərbaycanının istiqlaliyyətinə razı olmadıqlarına baxmayaraq, inanıram ki, yaxın gələcəkdə Güney Azərbaycanı azadlıq əldə edəcək, bu əsrin ilk 25 ilində Azərbaycanımız bir və bütöv ölkəyə və dövlətə çevriləcək.
– Mühacirət həyatı sizi narahat edirmi? Yad ölkədə yaşayıb mübarizə aparmaq çətin deyil ki?
– 7 il Təbrizdə ev dustaqlığı yaşadım, o günləri çox sıxıntılı keçdi. Yaşadığımız Amerika cənnət olsa belə, bizim deyil. Məncə, Təbrizdə ev dustaqlığı qürbətin cənnətində yaşamaqdan üstündür. Ona görə Təbrizi və onun tozlu küçələrini həsrətlə gözləməkdəyəm.
– Azərbaycanın bütövlüyü, birliyi uğrunda hansı planlarınız var? Yaxın hədəflərinizi açıqlaya bilərsinizmi?
– 17 ildir bütün qüvvəmizlə imkanımız yetdiyi qədər millətimizi oyatmağa cəhdlər edirik. Məncə, Güneyli-Quzeyli millətimiz oyansa, Güney Azərbaycanının istiqlaliyyəti və Bütöv Azərbaycanın yaranması çətin olmayacaq.
– Sizcə, İranda əzilən, edam olunan, məhbəsə atılan soydaşlarımızın hüquqlarının pozulmasına dünya ictimaiyyətinin susmasının, seyrçi qalmasının səbəbi nədir?
– Bildiyiniz kimi, bir əsrə yaxın İran adlanan yeri yalnız farslar yaşayan bir ölkə olaraq dünyaya tanıdıblar. Bu məsələdə Qərbin payı az olmayıb. İndi bu güclər İranda rejim dəyişikliyini istəsə də, onun yerinə Qərbyönlü hakimiyyətin gəlişini arzulayır.
İranda 35 milyon Güney Azərbaycanı türkləri başda olmaqla 10-a yaxın millət yaşayır. Qeyri-fars millətlər bütün insani və milli haqlardan məhrum həyat sürürlər. İranda yaşayan bəluçlar, ərəblər, türkmənlər, kürdlər və Azərbaycan türkləri illər boyudur insani və milli haqlarını əldə etmək üçün fars-molla rejimiylə mübarizə aparırlar.
Təəssüf ki, Qərb yetərli dəstək vermədiyi üçün səslərini dünya ictimaiyyətinə kifayət qədər çatdıra bilmirlər. Qərb İranın parçalanmasını istəmir. Hətta Güney Azərbaycanın federativ İranın muxtar bölgəsi olmasına da razılıq vermir.
Amma inanıram ki, biz təşkilatlanaraq mübarizəmizi daha güclü sürdürə bilsək, qurtuluşumuza Qərbin himayəsi və dəstəyi olmasa da əngəl və maneə tab gətirməyəcək. Uzun sözün qısası, hər nemətin bir qiyməti və bahası var. Azadlıq və istiqlaliyyət ən böyük nemət olaraq çox bahalıdır.
Nə zaman bu qiyməti ödəməyə hazır olsaq, o böyük şərəfi də əldə edə biləcəyik. Babalarımız demişkən: “Bayraqları bayraq yapan üstündəki qandır; Torpaq əgər uğrunda ölən varsa vətəndir!”
– Güneydə fars-molla rejimi hökm sürür. İslam dini adı altında Azərbaycan insanları əziyyət verirlər. Sizin islama münasibətiniz necədir?
– Mən dünyəviliyə və sekulyarizmə tərəfdar bir insanam, bütün səmavi dinlərə və başqa ideologiyalara hörmət və sayğıyla yanaşıram. İslam türk dünyasını əhatə etdiyi və Azərbaycan türklərinin də saydığı və hörmət bəslədiyi din olduğu üçün mənə də əzizdir. Qaldı İranda hakim rejimə, o, islamı özünə alət edərək qəddar siyasət yürüdür.
Cəlil Cavanşir
Publika.Az
Bir yanıt yazın