13 Temmuz 2010, 08:41 Cemal MEHMETHAN
<<Qazprom>> bu qaz kəməri konsorsiumunun operatorunu ələ almaq üçün danışıqlar aparır
“Qazprom” şirkəti Rusiyadan yan keçən “Nabucco” qaz kəməri layihəsini sıradan çıxarmaq üçün hiyləgər plan qurub. Almaniyanın “Handelsblatt” qəzetinin yazdığına görə, Rusiya şirkəti “Nabucco” konsorsiumunun operatoru olan RWE şirkətini öz tərəfinə çəkməyə və onu alternativ “Cənub axını” layihəsinə qoşmağa çalışır. Əgər bu sövdələşmə baş tutsa, “Nabucco”nun reallaşması üçün Avropa şirkətlərinin iştirakı ilə qurulan alyans dağılacaq və layihənin şansı sıfıra enəcək.
Qəzet danışıqlar prosesinə yaxın qaynaqlara istinadən yazır ki, “Qazprom”un vitse-prezidenti Aleksandr Medvedyev alman RWE konsorsiumuna “Cənub axını”na qoşulmaq üçün konkret təklif verib. Bildirilir ki, Medvedyev “Nabucco”nun təşəbbüskarlarından biri, RWE konsorsiumunun strateji məsələlər üzrə direktoru Leonard Birnbaumla təmas qurub və hazırda ona RWE-nin “Cənub axını”na qoşulmasının iqtisadi faydalarını izah edir.
“Cənub axını” layihəsini “Qazprom”la yanaşı İtaliyanın ENİ korporasiyası, habelə Avstriya və Bolqarıstan hökumətləri dəstəkləyir. Gözlənilir ki, ilin sonlarına qədər bu layihəyə Fransanın EDF konserni də qoşulacaq. Alman qəzetinin şərhçiləri qeyd edirlər ki, “Qazprom”un təklifi amoraldır. Çünki RWE “Cənub axını”na qoşulsa, “Nabucco”nun reallaşması mümkün olmayacaq.
Şirkətin özündə isə “Qazprom”la danışıqlara şərh vermirlər. RWE bəyan edib ki, onlar “Nabucco” layihəsinin arxasındadır və başqa bu cür regional layihəni mümkün hesab etmirlər. Bununla belə, şirkətdəki mənbələr Rusiya ilə danışıqların getdiyini təsdiqləyiblər. Bildirilir ki, RWE “Nabucco” layihəsinə dair Azərbaycan və Türkmənistanla danışıqların çətin getdiyini etiraf edir. Yaxın aylarda bu ölkələrdən qaz nəqlinə dair konkret razılaşmalar əldə olunmasa, vəziyyət mürəkkəbləşəcək. Bu səbəbdən RWE “Qazprom”un təklifini “B” variantı kimi saxlayır.
F.MƏMMƏDOV
http://www.musavat.com/new/Gündəm/80594-RUSİYADAN_“NABUCCO”_ƏLEYHİNƏ_HİYLƏGƏR_PLAN
Bir yanıt yazın