Güney Azərbaycan Televiziyonu
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi martın 4-də keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Bu hadisənin baş verməsi ABŞ-Türkiyə münasibətlərini gərginləşdirə bilərmi? Bu haqda sualların cavabını almaq üçün GünAzTv Mətbuat mərkəzinə “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri baş təmsilcisi, siyasi ekspert Azər Həsrətə müraciət edib:
– ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində bu qətnamənin qəbul edilməsi bütün Türk dünyasında üzüntü və ruh düşkünlüyünə səbəb olmuşdur. Bəllidir ki, xüsusən də kommunist rus və çin, həmçinin də fanatik fars şovinizmindən əziyyət çəkən Türk xalqları demokratiya və insan haqları məsələlərində dünyada əsas söz sahiblərindən olan ABŞ-a hər zaman bir ümid yeri kimi baxmışlar. Düzdür, zaman-zaman ABŞ tərəfindən müxtəlif səviyyələrdə bu və buna bənzər addımlar atılıb. Ancaq son anda ölkənin başında duran, Türkiyənin və bütövlükdə Türk dünyasının əhəmiyyətini düzgün qiymətləndirməyi bacaran dövlət adamları öz ölkələrinin yanlış qərar qəbul etməsinin qarşısını ala bilmişlər. O baxımdan biz deyirik ki, əgər ABŞ bu məsələdə də yanlışdan yayına bilməsə, bütün Türk dünyasının açıq qınağı ilə üz-üzə qalacaq. Hər halda balaca bir Ermənistan ucu-bucağı görünməyən, insan resursları, təbii ehtiyatları sınırsız olan Türk dünyası demək deyil və ABŞ bunu anlamalıdır.
– Azər bəy, həm də bu hadisənin baş verməsindən sonra Amerika konqresi qondarma erməni soyqırımını tanıya bilərmi?
-Mən hələ də ümidliyəm ki, ABŞ dövlətinin başında duranlar belə bir yanlış addım atan deyil. Çünki hər şeydən öncə nəzərə alınmalıdır ki, ermənilərin başına gələnlərin əsas səbəbkarları məhz onlar özləri olublar. Digər tərəfdən isə iddia edilən soyqırım məsələsi tarixi araşdırma və sübut tələb edir. Türkiyə isə dəfələrlə ən yüksək səviyyədə Ermənistana və bütün dünyaya müraciət edib ki, qarşılıqlı şəkildə 1915-ci il hadisələri ilə bağlı arxivlər açılsın və erməni iddialarının nə qədər həqiqətə uyğun olduğu araşdırılsın. Erməni tərəfi bir qayda olaraq bu çağırışları qulaq ardına vurmaqla iddialarının əsassız olduğunu etiraf etmiş olub. Əlbəttə ki, bu durum ABŞ-da da ciddi bir şəkildə izlənilmiş və öyrənilmişdir. Buna görə də deyirəm ki, hələ də ABŞ-ın bu yanlışı düzəldəcəyinə, erməni hiylələrinə aldanmayacağına ümidliyəm. Bir daha qeyd etmək istərdim ki, ABŞ Türk dünyasını qarşısına alacaq qədər ağılsız siyasət yürüdən bir dövlət ola bilməz. Baxın, bu qətnaməyə təkcə Türkiyə dövləti deyil, Azərbaycan dövləti də rəsmən etiraz etdi. Özü də ən yüksək səviyyədə. Yəqin ki, bunun nə anlama gəldiyini siz də yaxşı anlayırsınız. Hələ onu da demək lazımdır ki, Orta Asiya Türk cümhuriyyətlərində də bu məsələ ciddi təpkilər doğurmaqdadır.
– Sonrakı prosesləri necə proqnozlaşdırırsınız və Türkiyə bundan sonra hansı addımları atacaqdır?
– Proqnozlarım elə yuxarıdakı fikirlərimə əsaslanır. Yəni təkcə Türkiyə deyil, bütün Türk dünyası ABŞ-dan gələn bu qətnaməyə ciddi təpki göstərəcək və bu da ABŞ-dakı bəzi mənafeçi konqresmenləri, eləcə də digər yüksək vəzifəli yetkililəri bir daha düşünməyə vadar edəcək. O baxımdan mən ABŞ-da ağlın hislər üzərində bir daha qalib gələcəyinə, bu yanlışın yarısından qayıdılacağına inanıram. Türkiyənin sonrakı addımlarına gəlincə isə demək istərdim ki, dünyanın ən güclü dövlətlərindən olan qos-qoca Türkiyə Cümhuriyyətinin təpkisi qarşısında yəqin ki, bir sıra beynəlxalq mərkəzlər duruş gətirə bilmədiklərinin bir daha şahidi olacaqlar. Türkiyə ilə ABŞ arasında soyuqluq yaranarsa, bu, bütün Yaxın Şərq, Balkanlar və Orta Asiya bölgəsində fərqli və ikinciyə sərf etməyən gəlişmələrə səbəb ola bilər. Söhbətləşdi: Elnur Eltürk
Bir yanıt yazın