Göygöl rayonuna yenə gəlmə ailələr köçürülüb; bəzi yerli sakinlərin evləri əllərindən alınır
Azərbaycana gəlmə Kürdlərin yerləşdirilməsi prosesinin yeni dalğası başlayıb. İndi bu proses daha açıq şəkildə gedir və köçürülməyə birbaşa Kürdəsilli məmurlar rəhbərlik edirlər. Vəziyyət o həddə çatıb ki, hətta Azərbaycanın bəzi bölgələrində yerli əhaliyə məxsus evlər zorla onların əlindən alınaraq gəlmə Kürdlərə verilir. Bu məqama hakimiyyətin nəzarətində olan ATV telekanalı da üstüörtülü şəkildə toxunub. Bir neçə gün əvvəl bu telekanalda Göygöl rayonunda bir qrup yerli əhalinin evinin zorla əlindən alınması barədə süjet gedib. Həmin süjetdə sakinlər evlərinin əllərindən alınması ilə bağlı onlara heç bir izahat verilmədiyini deyiblər.Göygöldəki mənbələrimiz isə «Yeni Müsavat»a bildiriblər ki, əslində ATV-də efirə gedən süjetdə bir çox məqamlara toxunulmayıb. Onların verdiyi məlumata görə, Göygölün bəzi kəndlərində doğrudan da yerli sakinlərin evləri və torpaq sahələri əllərindən alınır: «Amma burda həm də bir az şişirtmə var. Yəni gəlib hansısa ailəyə demirlər ki, tez ol evindən çıx. Kiminki ikinci evi var daha çox onları əlindən alırlar. Torpaqları, ayrı-ayrı şəxslərə məxsus əvvəllər heyvan saxlanılan yerləri zəbt edirlər. Bilirsiniz ki, Göygöl rayonu istirahət zonasıdı. Çox vaxt müxtəlif rayonlardan, xüsusən də Bakıdan bura dincəlməyə gəlirlər. İllah da yay aylarında. Ona görə də, bir çox kəndlərdə camaat həyətlərində öz evlərindən əlavə otaqlar tikir ki, istirahətə gələnlərə kirayə verib beş-on manat qazansınlar. Daha çox həmin evləri camaatın əlindən alırlar».
Mənbələrimizin bildirdiyinə görə, həmin evlərdə Türkiyədən və İraqdan gəldiyi bildirilən kürd ailələri yerləşdirilir: «Bu prosesə məmurlar rəhbərlik edir və həmin kürdlərin İraqdan, Türkiyədən qaçqın kimi gəldikləri, dövlətin də bundan xəbəri olduğunu deyirlər. Yerli məmurlar camaatı inandırmağa çalışırlar ki, guya Azərbaycana gələn kürdlər dövlət səviyyəsində ayrı-ayrı rayonlar arasında bölüşdürülüblər və yerli icra hakimiyyətlərinə tapşırılıb ki, onları yerləşdirsinlər».
Onu da öyrəndik ki, son köçürülmə zamanı Göygölə təxminən 70-80 kürd ailəsi yerləşdirilib. Mənbə bildirdi ki, yerli sakinlər baş verənlərdən bərk qəzəbləniblər və hüquq-mühafizə orqanlarını bu məsələyə müdaxilə etməyə çağırırlar.
Qeyd edək ki, son illərdə Azərbaycanın müxtəlif bölgələrinə minlərlə gəlmə kürd köçürülüb. Gəncəbasar bölgəsinə, xüsusən də Göygöl rayonuna köçürülən kürdlərin sayı daha çoxluq təşkil edir. Bu isə Azərbaycan üçün böyük təhlükə vəd edir və heç şübhəsiz ki, ölkənin bölgələrinin kürdləşdirilməsi prosesi şüurlu şəkildə aparılır. Hakimiyyət daxilindən gələn məlumatlara görə, bu prosesin arxasında yüksək vəzifəli kürd əsilli şəxslər dayanır.
Onu da xatırladaq ki, bir müddət əvvəl gəlmə kürdlər hətta Bakı ətrafı qəsəbələrdə də yerləşdirilmişdi. «Yeni Müsavat» qəzeti və «Azadlıq» radiosu onların yerləşdirildikləri ərazilərdən reportajlar hazırladılar, gəlmə kürdlərin özlərini danışdırdılar. O zaman Azərbaycana köçürülən kürdlər yaşamaq üçün burda onlara hər cür şərait yaradıldığını, hətta müəyyən məbləğdə pul da verildiyini bildirmişdilər. Həmin vaxt KİV-in həyəcan siqnalından sonra hüquq-mühafizə orqanları işə qarışdılar və gəlmə kürdlər Bakı ətrafı qəsəbələrdən çıxarıldılar. İndi Göygöldə baş verənlər göstərir ki, hüquq-mühafizə orqanları təkcə Bakıda deyil, rayonlarda da bu məsələyə müdaxilə etməlidirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Teymur HƏSƏNLİ
Bir yanıt yazın