Site icon Turkish Forum

Prof Təbrizi’nin Hürriyyət qəzetinə müsahibəsi

DAK fəxri sədri Qulamrza Səbri Təbrizinin “Hürriyyət” qəzetinə müsahibəsi - israil turkiye

DAK fəxri sədri Qulamrza Səbri Təbrizinin “Hürriyyət” qəzetinə müsahibəsi

Qulamrza Səbri Təbrizi. Bu ad uzun illər Güney Azərbaycanın ürəyi Təbrizdə bütün milli ziyalılar arasında ən çox duyulan və sevilən isimlərdən biridir. Qulamrza bəyin bir pedaqoq, alim və yazar kimi milli təəssüb uğrunda nə Məhəmmədrza şah Pəhləvi irticasından, nə də teokratik molla rejimindən qorxusu olub. Uzun illər yetişdirdiyi tələbələri də onun ardıcılı olmaqdan qürur duyublar. Ömrünün bir hissəsini isə İngiltərənin Edinburq Universtetində professor kimi çalışıb. Onun tələbələri arasında İngiltərənin baş naziri vəzifəsi pilləsinə qədər ucalmış Toni Bleyer kimi şəxsiyyələr yetişib. O, İngiltərədən bütün dünyaya yayılan BBC TV kanalında xüsusi siyasi icmalçı, şərhçi kimi də Qərb aləmində məşhurdur. Bakıda törədilən 1990-cı il 20 yanvar qanlı faciəsini BBC TV kanalından beş saatlıq müddətinə heç nədən çəkinmədən bütün dünyaya yayınlayan da məhz Qulamrza bəy olmuşdur. Biz onunla görüşərək İranda, Güney Azərbaycanda baş verən hadisələr, dünya birliyinin bu məsələyə münasibətinin bəlli olmayan sirlərini əldə etməyə çalışdıq.

İranda insanlar artıq molla rejiminə qarşı açıq etiraz edirlər

– Qulamrza bəy siz uzun təcrübəsi olan şəxs kimi, bir alim və tədqiqatçı olaraq bu gün Güney Azərbaycanda, eləcə də İranda yaşanan olayları necə qiymətləndirirsiniz. Ümumiyyətlə İranda nələr baş verir? Axı bir az əvvəl İranda prezident seçkilərilə bağlı ölkə daxilində, eləcə də bütün denyada bu proses çox ciddi şəkildə izlənildi.

– Əvvala onu qeyd etmək lazımdır ki, 31 il bundan öncə İranda qatı fars şovinist siyasəti aparan Pələvilər xanədanlığı milyonlarla insanları bir araya gətirən inqilab nəticəsində devrilib. Məhz bundan sonra regionda teokratik bir rejim qurulub. İslami rejim kimi dəyərlənridilən bu hakimiyyətin daxilində uzun müddətdir yaşanlılan bir sıra ciddi gərginliklər, konfliktlər və təzadlar mövcud idi. Belə ki, bütün problemlərin arxasında cümhuriyyət və islam rejimi tərəfdarları durublar. İslam rejiminin tərəfdarları dövlətin doqmatik və klerikal qanunlar çərçivəsində idarə olunmasını daha sərt şəkildə müdafiə edirlər. Cümhuriyyət tərəfdalarının əsas strategiyası isə hakimiyyətin doqmatik və klerikal rejim tərəfdalrarının vasitəsilə deyil, məhz respublikaçılıq perinsipləri ilə idarə olunmasına önəm verilməsidir. Bu sırada indiki haldda Haşımi Rəfsancani və Mirhüseyn Musəvinin tərəfdarları dururlar. Bu iki qüvvənin tərəfdarları uzun illərdir həm parlamentdə, həm də hökumətdə yetərincə təmsil olunublar.

Islami rejim tərəfdarları uzun illərdir ABŞ-ı hədələmək, onun əleyhində ölkə daxilində mənfi düşmən obrazı yaratmaqla daim öz mövqelərini möhkəmləndirmək və gücləndirmək siyasətini yürüdüblər. Bu siyasət sonuncu ABŞ prezidenti Corc Buşun zamanında özünün ən yüksək səviyyəsainə dalxmışdı. Uzun müddət teokratik rejimin müdafiəçiləri əhalinin savadsız kütləsini fanatikcəsinə öz tərəfdarlarına çevirməklə demək olar ki, cümhuriyyət tərəfdarlarına qarşı həm də ölkə daxilində çox böyük mənada güc olduqlarını isbatlamağa çalışıblar. Teokratik rejimin gücü olan bu qüvvə ölkə daxilindəki problemləri, ixtilafları ictimai fikirdən yayındırmaq üçün fanatiklərdən ibarət bir sıra silahlı təşkilatlar, cəmiyyətlər qurublar. Onlarn ölkədəki mövcud olan problemlərdən cəmiyyəti yayındırmaq üçün xarici düşmən obrazı kimi İsraili daim hədəfə alıblar. Guya bu fanatik qüvvələr istənilən zaman İsraili bir dövlət kimi məhv etmək gücündədirlər. Hətta bütün dünya müsəlmanlarının əsas düşməni kimi S. Buşu da bu sıraya əlavə etmişdilər.

-Axı, indi Barak Obama ABŞ-da hakimiyyət başındadır.

– Bəli, Barak Obama hakimiyyətə gələndən sonra ABŞ tarixində ilk prezident olaraq İran hakimiyyətinə əl uzatdı. Cənab Obama açıq şəkildə bəyan etdi ki, ABŞ bir dövlət olaraq İranla bütün sahələrdə dialoq qurmağın tərəfdarıdır. ABŞ İranla bütün sahələrdə birgə əməkdaşlığın olmasını istəyir. Məhz bu açıqlamadan sonra İrandakı klerikal hakimiyyət tərəfdarları dərhal bundan narahat olmağa başladılar. Hətta İran ayətüllahlarının dini lideri Seyid Əli Xameneyi və onun ətrafı bu dəfə də xalqı aldatmaq üçün açıq təbliğata keçərək bildirdilər ki: “ABŞ bizə yaxınlaşmaqla yeni xəyanət ssenarilərini həyata keçirmək istəyir. ABŞ İran kimi möhtəşəm islami dövlətin qüdrətini və gücünü anladığı üçün bizdən ehtiyat edir. Çünki, İran bu gün elə bir qücə çevrilib ki, istənilən an İsraili məhv edə bilər”.

Bütün bunları biz diqqətlə təhlil etdikdə görürük ki, Xameneyi və onun rəhbəri olduğu Vilayəti Fəqih tərəfdarları əslində ABŞ hökumətinin yeni siyasətindən, yəni dialoqların aparılmasından qorxur. Vilayəti Fəqih tərəfdarlarının belə bir qorxaq mövqeyini görən liberal siyasət, yəni cümhuriyyət tərəfdarları dərhal ilk dəfə açıq siyasi hücumları təşkil edərək bildirdilər ki: “Obama İran dövlətinə dostluq əli uzadır. Burada təhlükəli heç nə yoxdur”. Bütün bunları sadalamaqda məqsədim odur ki, bu rejimin yaradıcıları 1927-ci ildə İranda hakimiyyətə gəlmiş Rza Pəhləvidən başlayan fars şovinist siyasətinin tərəfdarları kimi antitürk, anti Azərbaycan siyasətini davam etdiriblər. 1927-ci ildən 1978-ci ilə kimi pəhləvilər sülaləsi, 1978-ci il İslam İnqilabından sonra isə indiki molla hakimiyyəti Güney Azərbaycanın iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etməsinə qarşı olublar. 31 il hakimiyyətdə olan mollaların əsas siyasəti Güney Azərbaycan məsələsini tamam unutdurmaq olub. Halbuki 1978-1979-cu il inqilabında hakimiyyətdən devrilən M. Pəhləvi kimi qanlı diktatorun törətdiyi cinayətləri nəzərə alaraq həmin bu mollalar şah rejimi zülmü altında əzab çəkən bütün xalqların milli hüquqlarını tanıyacaqlarını elan etmişdilər.

Mollaların özlərinin qəbul etdikləri Ana Yasanın 15-ci maddədə açıq şəkildə bildirilir ki: “İran İslam Cümhuriyyətində bütün millətlər öz milli dildə məktəb açmaq, kitab, qəzet və dərgi nəşr etdirmək, televiziya və radio kanalları açmaq, dövlət idarələrində öz milli dillərində sənədləşdirmələr aparmaq hüququna sahibdirlər”. Ancaq, bu qanuna heç zaman əməl olunmayıb. Buna görə də uzun müddət susan və bütün məhrumiyyətlərə dözən Güney Azərbaycan öz milli hüquqlarının bərpa olunması tələbləri ilə 2006-cı ildə teokratik rejimə üsyan edərək yenidən ayağa qalxdı. Bəli, Güney Azərbaycanda insanların səbr kasası dolduğu üçün yüzminlərlə etirazçılar Təbriz, Zəngan, Urmu, Qəzvin, Ərdəbil, Həmədan və digər şəhərlərdə, qəsəbə və kəndlərdə ayağa qalxdılar. Bu zaman İran rejimi Güney Azərbaycanın yeni nəfəsdə və yeni məzmunda ayağa qalxmasından çox qorxmuşdu. Hakimiyyət əvvəlcə çalışdı ki, bu yüzminlərin üzərinə xüsusi qoşun növləri, cəza dəstələri ilə çıxsın. Ancaq, bunun əks effekt verəcəyindən çox ciddi şəkildə əndişəyə düşdülər. Ona görə də Tehran və Qumda bu problemi çözmək üçün yeni prezident seçkiləri məsələsini qabartmaqla prosesi bir qədər ləngitmək strategiyasını gündəmə gətirdilər. Bununla da İranda, eləcə də Güney Azərbaycanda bütün diqqətlər yeni prezident seçkilərinə yönləndirildi. Əslində mühafizəkar, yəni teokratik rejim tərəfdarlarının planlarına görə seçkidə sandıqdan cümhuriyyətçilərin, yəni liberalların nümayəndəsi kimi Mİrhüseyn Musəvinin çıxmaması üçün bütün seçki saxkarlarıqlarının metod və üsullarına da ciddi hazılıqlar görülmüşdü. Musəvinin səsini oğurlamaq, seçkilərin nəticələrini öz kadrı olan Mahmud Əhmədnicatın xeyrinə həll etmək istiqamətində isə diqqəti Tehrana yönəltməklə əslində paytaxtı bütün qoşun növləri ilə mühasirəyə almağa nail olmuşdular. Bununla yanaşı bütün dünyanın gözü qarşısında seçki saxtakarlığı oldu. Hətta lazım olan sənədləri belə sərt rejim tərəfdarları gizlədə bilmədilər. Əslində bu seçkinin xeyirli tərəfi bu oldu ki, İran islam Cümhuriyyəti adlanan bu rejimdə ilk dəfə olaraq iki böyük siyasi qütbün arasında mövcud olan dərin ixtilaflar indi açıq müstəviyə keçib. İnsanlar bu ixtilafların mənasına, dəyərinə və miqyasına xüsusi diqqətlə yanaşırlar. İslahatçılar teokratik rejimin tərəfdarı olan gücün, onun başında duran ayətullahların ötən 31 ildə topladıqları sərvətlərin miyqyasını və hüdudunun nədən ibarət olduğunu anlamağa başlayıblar. Çünki, bu seçkilərdə milyonlarla insan Əhmədnicata deyil, məhz xalqla daha səmimi münasibətdə olan, ölkədə reformların aparılmasının vacibliyini qəti şəkildə vurğulayan Musəviyə səs veriblər. Musəviyə səs verən milyonlarla insan bu gün hakimiyyətin və dövlətin liberallaşmasının tərəfdarı olan liderlərin gündəlik fikir və açıqlamalarını diqqətlə dinləyirlər. İndi maraqlı görünən tərəf odur ki, mühafizəkar kəsimlə liberallar arasında konfliktlər günbəgün artmaqda və inkişaf etməkdədir. Hər iki tərəfin tərəfdarları arasında gərgin mübahisələr dərinləşməkdədir. Unutmaq olmaz ki, bu rejimdən uzun illər faydalananların say nisbəti uzun illər kasıblıq, möhtac içində yaşayanlardan qat-qat azdır. Buna görə də rejimə etiraz edənlərin sayı və gücü daha da çoxalmaqda, siyasi və sosial mənada böyüməkdədir.

-Sizin fikrinizcə bu proses hansı formada və siyasi mənada ictimai böhranlara səbəb ola bilər?

– Musəvinin timsalında ölkədə reformların yanında duran milyonlarla insanlar canlı surətdə şahid oldular ki, Allahın böyüklüyünə sığınaraq dindən, imandan, islami vəhdətdən uzun illərdir moizə oxuyanlar, ali ruhani mərtəbəsinə qədər ucalanlar Allahsızlıq edərək onların seçki zamanı səslərini oğurlayaraq öz namizədlərinin hesabına saxtakarlıq etdilər. Çünki, Musəvi seçki prosesində seçicilərin ona nə qədər səs verdiklərinin sayını, eyni zamanda seçki protokollarını tələb etmişdi. İranın daxili işlər nazirliyi isə bu tələblərə əməl etmədi. Bütün bunları Musəvi aşkarlıq və demokratik prinsiplər çərçivəsində ictimaiyyətlə birlikdə gündəmə gətirdi. Əhali tərəfindən haqlı olaraq Vilayəti Fəqihin başında duranlara qarşı dərin bir nifrət hissləri yaranıb. Onların din pərdəsinə bürünərək əsl saxtakarlığın yanında durmalarına pis baxırlar. Prezident seçkilərinin nəticəsi olaraq seçki saxtakarlığına etiraz edənlərin sayının miqyası on milyonları ötəcəyini həmin bu Vilayəti Fəqih rəhbərliyi hesablamamışdı və gözləmirdi də. Bu gün Tehran başda olmaqla İranın hər yerində etiraz edənlərə qarşı artıq silahlı güc tətbiq etməkdə molla rejimi aciz qalıb. Halbuki, Musəvinin özü elə bu rejimin fəal qurucularından biri olub. Musəvi xalqa yaxınlaşdıqca teokratik rejimin çürüdüyünün və xalqın yanında olmaq kimi müqəddəs amalın mənasını anladı. Buna görə də xalqın tərəfinə keçib. Bütün bunları beynəlxalq birlik də diqqətlə təqib etməkdədir. Ancaq, bu proseslərin Güney Azərbaycan məsələsinə heç bir aidiyyatı yoxdur. Seçki saxtakarlığına qarşı etiraz dalğaları sadəcə Tehran çevrəsində baş verməsinə olan diqqətlərin yönlədilməsi isə bunun təsdiqidir. Halbuki, Güney Azərbaycanın bütün şəhərlərində seçki saxtakarlığına qarşı ən kəskin və möhtəşəm etiraz hərəkatları olub. Biz bütün bunları diqqətlə və dərindən təhlil etdikdə görürük ki, həinki İrandakı mühafizəkar siyasət tərəfdarları, eləcə də dünyanın aparıcı gücləri, siyasi çevrələri tərəfindən Güney Azərbaycan probleminin arxa plana çəkilməsi, bu məsələnin qapadılması, hətta unutdurulması kimi dərin siyasətlər baş verməkdədir.

-Hörmətli professor, burada həmin güclərin nə maraqları var ki?

-Əgər beynəlxalq birlik sadəcə seyrçi mövqedə durmasaydı, İrandakı seçki saxtakarlığına qarşı təpkilərini gücləndirsəydilər, bu zaman seçicilərin əksəriyyətinin səsini qazanmış Musəvinin qanuni vəzifəsinə sahib olmaqla yanaşı Güney Azərbaycandakı proseslərə də çox ciddi təsiri olacaqdı. Güney Azərbaycan Milli Hərəkatı daha da güclənəcəkdi. Bu proses həm də Vilayəti Fəqih qüvvələrinin zəifləməsinə səbəb olacaqdı. Onların baxmayaraq ki, “İslam İnqilabının Keşikçiləri-Sepah” kimi orduları var, cəmiyyətdə artan gücdən qorxaraq geri çəkilməyə məcbur olacaqdılar. Bütün bunları dəyərləndirərək dünya birliyi də Musəvinin qanuni hüquqlarının qorunmasının yanında durmadı. Çünki onlar yaxşı bilirlər ki, Musəvi prezident elan olunan kimi, o, dərhal Azərbaycan türkü olmasını elan edəcək, hər bir millətin milli azadlıqlarını tanıyacağını bütün dünyaya duyduracaqdı. Bəli, bu addımın ardınca Güney Azərbaycan anlayşının dünya birliyi tərəfindən tanınması çox ciddi problemlərinə səbəb ola bilərdi. Musəvini seçkilərdən sonra ölkədə kütləvi ixtişaşlar törətməkdə, dövlətə qarşı terrora çağırışda ittiham edərək onun terror olunması planı da hazırlanmışdı. Ancaq, bütün İran boyunca Güney Azərbaycan türkləri əllərindəki elektron texnologiyaların hesabına hər biri bir informasiya mərkəzinə çevrildilər. Onların çevik şəkildə hazırladıqları İrandakı qanunsuzluqlar, ordu və təhlükəsizlik qüvvələrinin cinayət əməllərini ifşa edən video görüntülər, foto şəkillər bütün dünyaya ən qısa zamanda yayıldı. Belə bir kütləvi aksiya hələ dünya tarixində olmayıb. Məhz bu səbəbdəndir ki, Musəviyə qarşı planlaşdırılan terror aktı da baş tutmadı.

– Qulamrza bəy, bu gün Güney Azərbaycanda nələr baş verir? Azərbaycan ictimaiyyəti bu barədə demək olar ki, tamam bilgisizdir. Müxtəlif mənbələrdən alınan məlumatlar isə çox zaman müəyyən maraqlara xidmət etdiyindən Güney Azərbaycan haqqında təsəvvürlərdə yalnışlıqlar yaranır.

– Bu məsələdə doğru buyurursunuz. Elə götürək İranda son prezident seçkilərini. Burada mühafizəkar dinçi qüvvələr seçkiləri tamam saxtalaşdırdılar. Buna qarşı ən kəskin etiraz hərəkatını Tehranda əsasən Azərbaycan Türkləri apardılar. 26 yaşlı Nida xanım Soltaninin hamının gözləri qarşısında rejimin qana susamış süngüləri ilə öldürülməsi bütün dünyanı ayağa qaldırdı. Nida xanım onun da seçki zamanı səsini oğurlamış rejimə etiraz əlaməti olaraq yüzminlərlə etirazçılara qoşulmuşdu. Onun adının tərcüməsi elə çağırış, hayqırtı deməkdir. Nida xanım bir Türk qızı kimi bütün dünyanı titrədən ölümü ilə Vilayəti Fəqih rejiminin antihumanist mahiyyətini bir daha təsdiq etmiş oldu. Bu qanlı olaydan sonra İranda, eləcə də bütün Güney Azərbaycanda əhalinin əksəriyyəti islahatların və reformların tərəfdarı olan qüvvənin tərəfinə keçdilər. Hətta uzun müddət susqunluğu ilə çoxlarını heyrətdə saxlayan sabiq prezident Haşımi Rəfsancani də dilə gələrək Vilayəti Fəqihin əmrilə dinc insanların gülləbaran edilməsini pislədi. Halbuki o, bu rejimin təməl daşını qoyanlardan biridir. Onun bu açıqlamasından sonra İranda islahat tərəfdarları və molla rejimini qorumaq istəyən güclər arasında ixtilaflar açıq müstəviyə keçib. Bir tərəfdən seçkilərdə hüquqları pozulmuş əhalinin etiraz dalğasının artması, digər tərəfdən isə İran hakimiyyətində məmurların da bu proseslərə dəstək vermələri, demək olar ki, rejimin çökməsini şərtləndirən ünsürlərdən birinə çevrilib. Bütün bunlar azmış kimi ölkədə əsas söz sahibi olan Vilayəti Fəqih tərəfindən 20 milyon nəfər seçicinin Mirhüseyn Musəviyə səs verməsi faktı saxtalaşdırılıb. Daxili işlər nazirliyi və İran Ali Nəzarət Şurası elementar savada malik olmayan, mühafizəkar teokratik molla rejiminin bəsici əsgəri səviyyəsində tanınmış Mahmud Əhmədnicatı yenidən pezident elan etdilər. Çünki bu savadsız şəxsi idarə etmək onlar üçün çox asandır. Ali Nəzarət Şurası isə Vilayəti Fəqihin başçısı Seyid Əli Xameneyiyə tabedir. Xameneyinin millətin üzünə ağ yalanlar söyləməklə Əhmədnicatı prezident kimi tanıması proseslərin daha da dərinləşməsinə səbəb olub. Bununla da Vilayəti Fəqihin bütün olub-qalan nüfuzu indi əhali arasında bir quruş qiymətinə enib. Bu gün Vilayəti Fəqih haqqında əhali arasında ancaq həcvlər söylənilməkdədir. İnsanlar bu həcvləri dinləməkdən xüsusi zövq alırlar. Mənə görə İranda yaranmış belə bir durumun özü ən böyük inqilabi proses hesab olunmalıdır. Görün proses nə yerdədir ki, Xameneyi oğlu Mustafanı Vilayəti Fəqihin rəhbəri vəzifəsinə gətirmək siyasətini aparırdı. Təbii olaraq hətta nüfuzlu din xadimləri belə bir addıma qarşı öz etirazlarını bildiriblər.

– Bütün bunlar doğrudur. Belə demək mümkündür ki, İran başdan-başa qaynamağa başlayıb. Sizin fikrinizcə proseslər hansı məcrada davam edəcək?

– Bu proses İranda hələ çox davam edəcək. Çünki, İranın hər yerində Azərbaycan Türkləri ümumi prosesləri hərəkətə gətirməkdədirlər. Baxın Tehran, Qəzvin, Həmədan, hətta Şiraz, İsfəhan, Abadan, Yəzd kimi iri şəhərlərdə də seçki saxtakarlıqlarına etiraz edənlərin, ölkədə reformların aparılmasını israrlı şəkildə ortaya qoyanların əksəriyyəti Azərbaycan Türkləridir. Uzun illərdir Güney Azərbaycanın iqtisadi, sosial, mədəni və digər sahələrinin inkişaf etməməsi üçün İran rejimi dərin bir siyasət aparıb. Güney Azərbaycan Türkləri İranın digər ərazilərində yaşamaq, çörək qazanmaq üçün mühacirət etməyə məcbur olublar. Onların əksəriyyətinin fars dilini normal bilmədikləri üçün hər addımda hüquqları pozulub. Bütün bunlar milyonlarla insanların illər boyu qalaqlanmış problemləridir. Bununla yanaşı Güney Azərbaycanın taleyini düşünən insanlarımızın da sayı az deyil. Onlar illər uzunu soydaşlarımızı maarifləndirməklə, milli hüquqlara sahib olmaqla mövcud problemlərin əsas hədəflərini ortaya qoyublar. Milli hüquqlara sahib olmaqla 35 milyonluq bir millətin dili, mədəniyyəti və varlığı artıq böyük bir güclə hesablaşmaq deməkdir. Bax bunu İrandan xaricdə də bilir və dəyərləndirirlər. Ona görə də Çin, Rusiya və elə Avropanın özündə də bir sıra dövlətlər İran məsələsində Türkün varlığının unutdurulmasına çalışırlar. Ancaq, unudurlar ki, artıq ox yayından çıxıb. İranın indiki klerikal dövlət quruluşunun taleyi belə sual altındadır. 35 milyonluq Türkün varlığını danmaq, bu nəhənglikdə sosial və siyasi gücü dəyərləndirməmək artıq mümkün deyil. İndi İranda Rəfsəncani və Musəvi cütlüyünün tərəfdarları daha da artmaqdadır. Hətta onların tərəfinə orduda xidmət edən minlərlə zabitlər də qoşulublar. İran rejiminin qorunmasında ciddi struktura malik olan “Sepah” və “Pasdarane Enqelab” kimi ordu birliklərindən də islahataçılara qoşulanların sayı günbəgün artmaqdadır. İrandakı rejimin qorunub saxlanılmasının yeganə yolu Vilayəti Fəqihin nəzarətində olan bütün silahlı qüvvələr rejimə etiraz edən milyonlarla insanları repressiya edərək öldürməlidirlər. Digər tərəfdən isə rejimin daha qısa bir zamanda və asan yolla dəyişdirilməsinin əsas səbəbi Güney Azərbaycanın bütövlükdə ayağa qalxmasıdır. Çünki bunun ardınca digər milli azlıqlar olaraq lor, gilək, kürd, ərəb, bəluc və digər xalqlar da öz milli hüquqlarının tanınmasını gündəmə gətirməklə prosesləri sürətləndirə bilərlər. Beynəlxalq siyasətdə bu taktikanı hələlik təkcə ABŞ müdafiə edir. Güney Azərbaycan ayağa qalxmış olarsa və digər xalqlar da öz milli hüquqlarını tələb etməklə buna dəstək verərlərsə, bununla da Musəvinin gücü nəinki İranda, eləcə də bütün Yaxın Şərqdə ən böyük islahatçı lider səviyyəsinə qədər arta bilər.

– Bəs buna nə mane olur?

– Bir daha təkara edirəm, Güney Azərbaycan ayağa qalxıb öz milli hüquqlarını bir millət kimi tələb etməzsə, bu zaman mürtəce klerikal rejim tədircən özündə güc taparaq topralanıb bütün İran boyunca geniş terror dalğalarını hərəkətə gətirəcək. İndi İran neftinin və təbii qazının əsas alıcıları, eyni zamanda hərbi strateji sahədə müttəfiqi olan Çİn və Rusiya bu rejimi fəal şəkildə müdafiə edirlər. Çünki, Rusiyada 40 milyona və Çində isə 180 milyona yaxın türk xalqları yaşayırlar. Dünyanın hər hansı bir nöqtəsində bir türk boyu ayağa qalxıb öz milli hüquqlarını, özgürlüklərini gündəmə gətirirsə, dərhal Türk Dünyası tərəfindən çox böyük coşqu ilə müdafiə olunurlar. Bunu dərin dövlət siyasəti aparan böyük güclər çoxdandır diqqətlə izləyirlər. Hansı dövlətdə yaşamağından asılı olmayaraq türk xalqları öz milli müqəddaratlarına nail olmaq üçün daha geniş şəkildə inkişaf etməkdədirlər. Artıq dünyanın özü də dəyişməkdədir. Bu gün türk xalqları arasında tarixdə görünməyən böyük bir həmrəylik mövcuddur. İndi Güney Azərbaycanda Musəviyə dəstək şüarı adı altında meydanlara çıxanlar heç də onun tərəfdarı kimi deyil, bir Milli Hərəkatın təzahürü olaraq bu addımı atırlar. Çünki, Musəvinin bütün xalqların milli hüquqlarının tanınması barədə sərt mövqeyi buna əsas verir. Musəvinin Azərbaycan türkü olması da bunu şərtləndirən amillərdən biridir. Artıq yasaqlara baxmayaraq bu gün Güney Azərbaycanın bütün şəhərlərində, qəsəbələrində, hətta kəndlərində milli mübarizə yolunda bəyanatlar, elanlar yayılır. Xalq burada əks olunan informasiyalarla yetərincə təchiz olunur. Çünki, İran rejimi internet və digər KİV vasitələrinə çıxışları tamam yasaq edib. Xarici radio və televiziya kanallarını seyr etmək belə mümkün deyil. Demək olar ki, Güney Azərbaycan bir inqilab eşqilə qaynayır. Yetər ki bu proses kütləvi xarakter alaraq böyük etiraz hərəkatına çevrilsin. İndiki şəraitdə bu prosesə hələlik daxili və xarici amillər mane olur. Belə ki, İrandakı qanunsuzluqlara etiraz edən Azərbaycan Türkləri ABŞ-da İran səfirliyinin qarşısında etiraz mitinqi keçirən kimi burada mühacir həyatını illər boyu yaşamağa məcbur edilmiş farslar dərhal bu aksiyalara qatılaraq dolayı yolla rejimin müdafiəsinə qalxırlar. Çünki onlar fars şovinizminin əsiridirlər. İranda hansı rejimin mövcud olmasına baxmayaraq, bu ölkənin fars şovinizmi üsul-idarəsilə yönlədilməsini müdafiə edirlər. Teokratik rejimə müxalif olan mühacirətdəki şahçılar, solçular, İran Milli Burjaziyası, Xalq Mücahidləri və digər qruplar da fars şovinizminin yanında durublar. Onlar çox gözəl anlayırlar ki, Musəvinin başladığı liberal dəyələr və reformlar hərəkatı əslində Güney Azərbaycan məsələsidir. Buna görə də İranda başlanılan bu möhtəşəm prosesin arxasında durmurlar. Çünki, onlar Güney Azərbaycan məsələsinin gündəmə gətirilməməsi şərtləri daxilində bu mövzunun tamam qapadılması siyasətini müdafiə edirlər. İndi Musəvi və Rəfsəncani doğrudan da İranda islahat tərəfdarıdırlarsa, onda Güney Azərbaycan məsələsinin yanında durmalıdırlar. Belə olarsa, onları müdafiə edənlərin sayı 35 milyon nəfərin artması deməkdir. Bu yöndə addım atmazlarsa, tədricən bu iki lider tarixin səhnəsindən silinib gedəcəklər.

İranda əhali seçki saxtakarlığına qarşı kəskin mövqe nümayiş etdirdi. Bunun ardınca rejimin siyasi və maliyyə dayaqları da parçalanıb. Bəs necə oldu ki, mühafizəkarlar öz namizədlərini prezident elan etməklə yanaşı, hələ də öz hakimiyyət səlahiyyətlərini davam etdirirlər. Bax bunu açıqlamanızı istərdik.

– Onu bilmək lazımdır ki, İran Ali Şurasının üzvləri və eləcə də Vilayəti Fəqihdə təmsil olunan rəhbərlər əslində 31 ildir ölkənin bütün təbii sərvətlərinin əsil sahiblərinə çevriliblər. Onları müasir İranın oliqarxları, maqnatları hesab etmək olar. Onların əlində cəmlənmiş çox iri maliyyə kütləsi, sərvətlər dövlətdən və millətdən oğurlanıb. Hələlik öz mövqelərini qorumaq üçün maliyyə imkanlarından yararlanaraq prosesi nəzarətdə saxlamaq və külli miqdarda vəsait xərcləməkdədirlər. Ancaq, həmin vəsait tükənəndən sonra ölkədə proseslərin axarı necə davam edəcəyinin də fərqində deyillər. Digər tərəfdən isə İrandakı etiraz hərəkatının önündə gedən Güney Azərbaycan məsələsində gözə görünməyən proseslər də baş verir. Misal olaraq onu göstərmək olar ki, Çinin Doğu Türküstanda uyğur türklərinə qarşı son zamanlar apardığı repressiv tədbirlər bir növ sınaq və ya model kimi bütün dünyaya nümayiş etdirildi. Bu əslində “Türkün bağıran haqq səsini beşiyindəcə boğmaq lazımdır” mahiyyətinin strateji hədəfidir. Bu təcrübə İran eyni zamanda rejimi üçün bir strateji və taktiki plandır. Dünya da bunu yaxşı görür. Türk Dünyası kimi yeni bir güc mərkəzinin formaslaşması və inkişaf etməsi dünya güclərinin marağında deyil. Axı Güney Azərbaycanın milli hüquqlarının tanınması Türk Dünyasını birləşdirən möhtəşəm altun körpüdür. Bu körpünün yaranmasından Avropanın özü belə qorxur. Rusiya və Çin də bu antitürk siyasətin yanında durublar. Onların bu günkü strateji hədəfləri Güney Azərbaycandakı prosesləri külə çevirmək, susdurmaq, unutdurmaqdır. Bütün bu güc mərkəzləri unudurlar ki, Güney Azərbaycan bu gün daha ağıllı, savadlı və mütəşəkkil səviyydə öz milli mübarizəsini aparır. Bunun qarşısını almaq isə artıq mümkün deyil. Elə Musəvinin özü də bunu çox ağıllı şəkildə dərk etməkdədir.

– Qulamrza bəy, son 20 ildə dünyanın bütün dövlətlərində yaşayan soydaşlarımız tarixdə ilk dəfə səfərbər olunaraq öz milli təşkiatlarını, mədəni mərkəzlərini yaradırlar. Bir növ hər yerdə Azərbaycan türkləri bir millət olaraq milli səfərbərlik yolunda bütünləşməkdədirlər. Bu proses ildən-ilə inkişaf edir. Bu yöndə Siz Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri kimi nə kimi işlər görürsünüz?

Bu gün dünyanın əksər dövlətlərində fəaliyyət göstərən Azərbaycan Türklərinin milli konsolidasiya yolunda fəaliyyətləri çox möhtəşəm bir hadisədir. Çünki, Güney və Quzey Azərbaycan Türklərinin milli bütünlüyü tarixi-ictimai proseslərin zərurətindən doğub. Biz illər boyu bunu arzulamışıq. Bu yolda həyatımızı, illərimizi sərf etmişik. Bunun bəhrəsi yaxın illərdə möhtəşəm tariximizə çevrilən Quzey və Güney Azərbaycanın milli bütövlüyünün təməl prinsiplərinə doğru yönələn strateji hədəfdən yaranıb. Bizlər DAK olaraq Qarabağ probleminin həllində beynəlxalq səviyyədə ictimai fikrin inkilşaf etdirilməsi yolunda dövlətçiliyimizin maraqlarını təmin edirik, həm də Güney Azərbaycan Milli Hərəkatının demokratik təməl prinsiplərə dayanıqlı fəaliyyət göstərməsini təmin edirik.

– Qulamraza bəy, Güney Azərbaycan Milli Hərəkatının İrandakı başqa xalqlara nə kimi təsiri ola bilər? Axı digər xalqlar da biz türklər kimi yüz ildir bütün insani və milli hüquqlarından məhrumdurlar. Bu yöndə hakim teokratik rejim proseslərin inkişafının qarşısını almaq üçün bütün təqib, təzyiq, həbslər və digər antinsani əməllərə rəvac verir.

-İndi İranda gedən proseslər elə bir mərhələyə çatıb ki, bizlər xüsusilə insan hüquqlarının qorunması məsələsinə diqqət yetirməliyik. Bu proses dünya miqyasına çıxarılmalıdır. Çünki İrandakı Vilayəti Fəqih insanların azad düçüncəsinə və xalqların öz milli hüquqlarına dəstək vermək, ölkədəki sosial ədalətsizlik kimi problemlərin həllində maraqlı olmayıb. Ona görə də milyonlarla insanlarda bu quruma qarşı münasibət daha da soyuyub. Hakimiyyət isə öz mövqelərini qorumaq üçün insan hüquqlarını daha çox pozumaqla cəmiyyətin qorxu və xof şəraitində saxlanılması siyasətini yürüdür. Onlar bütün bunları qorxularından edirlər. Ancaq, məni ən çox sevindirən əsas amil oldur ki, indi İranın hər yerində Vilayəti Fəqihin bu yalnış siyasətinə qarşı gənclər daha fəal iştirak edirlər. Bizlər heç də islam və ya digər dinlərə qarşı deyilik. İranda indi Vilayəti Fəqih uğrunda deyil, cümhuriyyət, yəni respublika quruluşlu dövlət siyasətinin tərəfdarları da artmaqdadır. Bu hərəkat ölkədə dinin dövlətdən ayrı olmasını tələb edir. Belə bir məqam İran tarixində yeni keyfiyyət və məzmun xarakterini almaqdadır. Çünki, insanlar yaxşı anlayırlar ki, Vilayəti Fəqih islam dininin əleyhinə gedərək bütün cəmiyyətə açıq şəkildə təlqin edir ki, sizlər heç bir şeyi düşünməməlisiniz. Hamınızın əvəzindən bu qurumda təmsil olunanlar düşünürlər və sizlərin zəhmətinizi çəkirlər. Halbuki, dinin özündə belə bir anlayış yoxdur. Bu gün bəlli olur ki, Vilayəti Fəqih və Ali Şurada təmsil olunan bütün rəhbərlər 31 ildir dövlətin neft, qaz və digər təbii sərvətlərini mənimsəyərək milyonçu, milyader olublar. İndi-indi onların xaricdəki bank hesabları açılmaqdadır. Bu gün 74 milyonluq İran əhalisinin 15-20 milyon nəfəri işsizdir. Bir o qədər də insanlar həddindən artıq kasıblıq həddində yaşayırlar. Ona görə ki, İranda hədsiz sərvət sahibi olan teoktratik rejimin liderləri ölkənin oliqarxlarına və maqnatlarına çevriliblər. Bəlli olub ki, xalqa məxsus bütün sərvət və var dövlət onların xaricdəki banklarda şəxsi hesablarında cəmlənib. Seyid Əli Xameneyinin oğlu Müctəbanın adına London banklarının birində 1 milyar 500 milyon dollar olması faktı bütün İranı silkələyib. Belə faktlar çoxdur. Bütün bunları diqqətə alan insanlar demokratik təsisatların yaranmasını tələb etməyə başlayıb.

– Son illər Avropa ölkələrində, Amerika, Kanada və digər dövlətlərdə Azərbaycan Türkləri özlərinin mədəni, milli təşkilatlarını yaradırlar. Onların fəaliyyətindən DAK-ın sədri, bir alim, ziyalı və ağsaqqal kimi razısınızmı?

– Xeyir, razı deyiləm. Çünki, Güney Azərbaycanda 2006-cı ildən bu yana başlanılan Milli Hərəkata qarşı İran dövlətinin xüsusi cəza orduları qəddarcasına davranıb, minlərlə insanlar günahsız olaraq həbsxanalara atılıblar, dar ağaclarından asılıblar, küçələrdə gülləbaran olunublar. Ancaq, xaricdəki təşkilatlar bir araya gələrək bu vəhşiliklərə qarşı möhtəşəm etiraz aksiyaları keçirməyiblər. Etiraz edənlərin sayını hər bir dövlətdə orta hesabla 50-60 nəfər civarında görürük. DAK da daxil olmaqla bütün milli təşkilatların əsas vəzifəsi İrandakı irticanın törətdiyi vəhşətləri, cinayətləri adrıcıl şəkildə ifşa etməkdir. İranda gedən prosesləri diqqətlə təqib edərək dünyanın bütün xalqlarını, dövlətlərini demokratik prosesin tərəfdarları ilə həmrəyliyə cəlb etmək lazımdır. Bir sıra insanlarımız internetdə “poltak” xəstəliyinə tutulublar. Burada müxtəlif gizli adlar altında boğaz yırtmaqla mübarizə olmaz. Halbuki, müxtəlif ölkələrdə insan hüquqlarının müdafiəsi qurumlarını yaratmaqla beynəlxalq təşkilatları İrandakı irticanın cinayətlərinin ifşasına yönəltməklə bunu üstün hadisəyə çevirmək olar. Xaricdə yaşayan əksər cavanlarımız İrandakı zülmün nə demək olduğunu yaxşı anladıqlarından onlar bu gün çox fəaldırlar. Çox təəssüflər olsun ki, onların arasına müxtəlif dövlətlərə məxsus kadrlar yeridilib. Bu tip şəxslər daxili ixtilaflar yaratmaqla məşğuldurlar. Çünki onları öz mənfəətləri maraqlandırır. Onlar unudurlar ki, DAK-a qarşı bu addımları atmaqla özlərini ifşa edirlər. Güney Azərbaycan Milli Hərəkatı da bütün bunları çox diqqətlə izləyir. Milli məsələdə dərəbəylik ola bilməz. Bizlər bunun qarşısını almaqla irəliyə doğru gedirik. Milli məsələ müqəddəs yoldur. Bizim əsil missiyamız Güney Azərbaycanda mübarizə aparanların fikir və məqsədlərini bütün dünyaya çatdırmaqdır. Buraya 30-35 milyonluq millətin milli hüquqlarının tanınması, milli dildə təhsil almaq, mədəni hüquqlarına sahib olmaq kimi məsələlər daxildir.

– Son zamanlar dünyanı sarsıdan xəbərlərdən biri də İranda narkomaniyanın və digər cinayət xarakterli proseslərin inkişaf etdirilməsində dövlət siyasətinin aparılmasıdır.

– Bəlli, İranda dinin ali məramlarını dövlət siyasəti kimi təbliğ edən rejim gənclər arasında narkomaniyanın inkişaf etdirilməsində xüsusi siyasət aparır. Təkcə neft və qaz, digər təbii sərvətlərin hesabına ölkəni yaşatmağa ümid edən teokratik rejim əslində əhalinin intellektual səviyyəsinin artmaması üçün bu addımı atır. Elə keçmiş şah rejimi də bu taktikadan istifadə edirdi. Bu nə deməkdir, ölkəni şəriət qanunları ilə idarə edən bir ölkədə narkotik maddələr açıq şəkiildə satılır. Əsil ruhanilərin özləri belə bu rejimin siyasətindən uzaqlaşıblar. Bizlər də müsəlmanıq. Dinimizə qarşı heç zaman çıxış etməmişik. Ancaq, din pərdəsi adı altında 31 ildir aparılan siyasət bu gün məhvə məhkumdur. Elə bunu son prezident seçkiləri də sübut etdi. Bütün bunlar azmış kimi teokratik rejimi xilas etmək üçün hətta “Yaşıllar Partiyası”nın yaradıldığı da elan olunub. Biz elə başa düşürük ki, insanlar artıq yaşıllar, qımızlar, sarılar və s. hərəkatlara inanmırlar. Elə Güney Azərbaycanın özündə belə buna inanmırlar. Çünki Milli Hərəkatımız artıq kütləvi xarakter daşımaqdadır. Din pərdəsi adı altında tovlnan milyonlarla insanlar indi bu nağıllara inanmırlar. Digər tərəfdən Rusiya, Çin, eləcə də Avropa dövlətləri İranda baş verən etiraz dalğalarının, Güney Azərbaycan Milli Hərəkatının inkişaf etməsində maraqlı deyillər. Onların hədəfləri İranı bütöv görmək və neftini, qazını, digər təbii sərvətlərini ucuz qiymətə almaqdır. Ona görə də klerikal rejim aqressiv rəftar edir. Problemin tək çıxış yolu Güney Azərbaycanda Milli Hərəkatın vüsətini daha üstün səviyyəyə qaldırmaqdır. Buna həm daxildə, həm də beynəlxalq səviyyədə inamı gücləndirmək lazımdır. Nə qədər insanımızı həbs etsələr də, öldürsələr də, hətta edam etsələrə də bu proses dayanmayıb. Bizim Miili Hərəkatın tək bir lideri var, o da xalqın özüdür. Bir-iki nəfəri terror etməklə bu hərəkat məğlub olmayıb. Güney Azərbaycan Milli Hərəkatının uğurları bundan ibarətdir. Artıq bu hərəkat ziyalılaşmış bir durumdadır. Çünki milli hədəflərə gedən yolun nədən ibarət olduğunu bütün insanlarımız şüurlu şəkildə dərk edirlər. Onların tələbləri təkcə milli dildə təhsil almaq, mədəniyyət mərkəzlərini açmaq deyil, Güney Azərbaycanın sosial, iqtisadi həyat şəraitinin sahibi olmaq, sənayeləşməni, dünya ilə inteqrasiyanı inkişaf etdirmək kimi hədəflərə inam artmaqdadır.

– Professor, Güney Azərbaycandakı Milli Hərəkatın varlğını dünyaya duyduran şəbəkələrin durumu nə yerdədir?

– Bu gün bizim “GünAz TV” kimi çox möhtəşəm televiziya kanalımız var. Bir sıra internet radiolarımız fəaliyyət göstərir. Artıq Güney Azərbaycanın bütün şəhərlərində milli dildə dərgilər nəşr olunur. Bu dərgilərin çevərsində çox savadlı milli ziyalılarımız və gənclərimiz birləşiblər. Bu proses xaricdəki təşkilatlarımız tərəfindən də inkişaf etdirilir. İnformasiya əsrində biz bu yolda addım-addım irəliləyirik. Burada çox böyük uğurlarımız var. Bir zamanlar sol görüşlü tudəçi, fədai, mücahid və digər ümümiran anlayışına xidmət etmiş partiyaların nümayəndələri, işadamları da bizim Milli Hərəkata qoşulublar. “GünAz TV” kanalı demək olar ki, 24 saat ərzində fəaliyyət göstərir. Bu kanal Güney Azərbaycanın əsas söz və fikir tribunasına çevrilib. Biz bütün mətbu orqanlarımızla, radio və televiziya yayınlarımızla radikal milliyyətçilik meyarlarını ortaya qoymuruq. İnsan azadlıqlarının, demokratik düşüncənin inkişafına daha çox üstünlük veririk. Çünki azad düşüncə və azad yaşamaq demokratik mühitin inkişafı deməkdir. Güney Azərbaycan tarixində ilk dəfədir ki, geniş səviyyədə belə bir siyasi düşüncə bütün insanlar tərəfindən fəal şəkildə müdafiə olunur. Yüz ildən çoxdur ki, Güney Azərbaycanda milli maariflənmə olmayıb. Milli dildə, düçüncədə yaşamağın özü belə yasaq olunub. Hətta Güney Azərbaycanda sənayenin, iqtisadiyyatın, sosial həyat tərzinin inkişaf etdirilməsinə qarşı daim gizli planlar həyata keçirilib. Demokratiyanın, azad düşüncənin inkişaf etdirilməsi insanlarımızda çox böyük ümidlər yaradıb.

Güney Azərbaycanda başlanan bu proses İrandakı digər xalqlara da çox ciddi təsir edib. Mənən azad olan insan heç zaman diktaturanın yanında durmaz, onu müdafiə etməz. Azad iqtisadi həyat, mədəni azadlıq, milli azadlıq, dini azadlıq əslində milli rifaha gedən yoldur. Azad fikir demokratiyanın inkişafı deməkdir. Xalqın kölə vəziyyətində yaşamasının sonu deməkdir. Bu prosesi biz inkişaf etdirməklə həm də Güney Azərbaycanın güclənməsi şərtlərini ortaya qoyuruq. Belə olduğu təqdirdə Quzey Azərbaycanın işğal olunmuş əraziləri və Qarabağ problemi də çözüləcəkdir. İrandakı teoktratik irtica rejimi özünə bənzər Ermənistan kimi işğalçı dövləti müdafiə edir. Artıq bu həqiqəti Quzey Azərbaycanda dərk edənlərin sayı çox güclü şəkildə artmaqdadır. Bu, bizləri çox sevindirir. Biz öz milli azadlığımızı İrandakı digər xalqlara da arzu edirik. Güney Azərbaycanda yüsək səviyyədə təhsil almış insanlarımız ictimai-sosial azadlıqlarının olmaması səbəbindən minlərlə mütəxəsislər məcbur olub xarici ölkələrə mühacirətə gedirlər. Buna görə də, Güney Azərbnaycanda milli, mədəni və digər azadlıqlar daim inkişafdan qalıb. Biz bunu hər zaman dövlət səviyyəsində aparılan cinayət hesab etmişik. Avropa dövlətləri və xalqları ona görə yüksək səviyyədə inkişaf ediblər ki, onlar insan hüquq və azadlıqlarına nail olublar. İranda bu böyük amala mane olan ən böyük siyasət fars şovinizmidir. İstər şah, istərsə də indiki klerikal rejim olsun daim fars şovinizminə üstünlük verib. Güney Azərbaycanda inkişaf edən Milli Hərəkatımız məhz insan azadlılqlarına və demokratiyaya önəm verir. Bu proses əslində dövlət despotizminə qarşı vurulan ən böyük zərbədir. İndi demokratik düşüncə Güney Azərbaycanda bir əqidəyə çevrilməkdədir. Güney Azərbaycan Milli Hərəkatında biz fərdi və ictimai düşüncədə solçu, sağçı, fədai, mücahid, dinçi, federalçı, istiqlalçı düşüncələrə hörmət edirik. Onların hamısı bizim millətin övladlarıdır. Düşmən qüvvələr çalışırlar ki, bizim sıralarımızı dini, irqi, təriqətçilərə bölüb milli birliyimizi, milli azadlıq hərəkatımızı əngəlləsinlər.

Güney Azərbaycanda Milli Hərəkatın daxilində təbii olaraq fikir plüraizminə hörmətlə yanaşılır. Bunun özü demokratik təzaürün bir örnəyidir. Ona görə ki, bizim hədəflərimizdən biri də demokratik demokratik proseslərin inkişaf etdirilməsidir. Biz bu gün də Güney Azərbaycanın ayrıca dövlət müstəqilliyinə qovuşması, nə də İran daxilində Milli maraqlarının təmin edilməsi şərtləri daxilində federativ və ya konfederativ formada qalmasının yanında durmamışıq. Bizim məqsədimiz Güney Azərbaycanda Milli Hərəkatımızın daha da inkişaf etməsidir. Nəticə etibarı ilə insanlarımızın böyük əksəriyyətinin hansı fikrə önəm vercəyi gələcəkdə çoxluğun qərarından asılıdır. Bizə görə bu, yaxın gələcəyin işidir. Hələlik Güney Azərbaycanda Milli Hərəkatın indiki səviyyəyə nisbətdə daha da kütləviləşməsi prosesində bizim təşkilat öz tövhəsini verməkdədir.

Söhbətləşdi Ə. Yusifoğlu

“Hürriyyət” qəzeti 10:28 / 31.07.2009

————–
THE WORLD AZERBAIJANIS INTERNATIONAL BANK ACCOUNT, HSBC BANK plc,

Address:25 Notting Hill Gate,
London, W11 3JJ
England,UK
BranchSort Code: 40-05-09
Account Number 61455133 Local
International Account: IBAN GB31MIDL 40050961455133
Swift Code: MIDLGB22

Exit mobile version