Siyasət / 12.02.2009 12:14
Bu barədə Prezidentin İcra Aparatının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov məlumat verib
Azərbaycan hökuməti Xocalı faciəsinin ildönümü ərəfəsində, Ermənistanı Haaqa Beynəlxalq Məhkəməsinə vermək istəyir. Türkiyə parlamentində faciə ilə bağlı müzakirələrin keçirilməsinə hazırlıq getdiyi bir vaxtda, rəsmi Bakı İrəvanı məhkəməyə cəlb etmək imkanlarını araşdırır.
Bu barədə «Trend» agentliyinə Prezidentin İcra Aparatının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov məlumat verib.
«Ermənistanın azərbaycanlılara qarşı soyqırım törətməsi faktı ortadadır. Neçə illərdir ki, araşdırıb, dünya ictimaiyyətinə çatdırırıq. Haaqa məhkəməsində bu məsələnin qaldırılması mümkündürsə, bundan niyə çəkinməliyik», deyə Əli Həsənov qeyd edib. Şöbə müdirinin sözlərinə görə, Xocalı soyqırımla əlaqədar rəsmi İrəvanın Haaqa Beynəlxlaq Məhkəməsinə verilməsinə dair ayrı-ayrı qeyri-hökumət təşkilatları və hadisə ilə əlaqəsi olan digər qurumlar təşəbbüs irəli sürüb.
Baş prokurorluqdan isə bildiriblər ki, indiyə qədər Xocalı soyqırımında iştirak etdiyi üçün 39 nəfər beynəlxalq axtarışda verilib. Onlar arasında 366-cı alayın komandiri Yuri Zarviqorov da var. Faciə ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 103-cü – soyqırım və 107-ci əhalini deportasiya etmə və yaxud məcburi köçürmə maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.
Xocalı faciəsi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Ancaq bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verib. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telereportyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub.
Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub, onlardan 63-ü uşaq olub; 8 ailə tamamilə məhv edilib;
25 uşaq hər iki valideynini itirib; 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb; 150 nəfər itkin düşüb./ANS TV/
(c) 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir
Bir yanıt yazın