Gülen Kuran-ı Kerim’i tahrif etti (Azeri Türkçesi)

 

 

 

 

 

MANŞET:  Gülən Qurani–Kərimi təhrif (oxu:təhqir) etdi

 

 

 

 

 

[ Sayta qoyulub: 01:12 17.06.2008 ] Oxunub: 360

Xilafət qurmaq istəyən Fətullah Güləndən Həzrəti Məhəmmədə (s) qarşı cinayət

 

Yəhudi lobbisinin sponsorluğu ilə çap olunan “Xoşgörü və dialoq iqlimi” kitabında Gülən Vatikanın arzusu ilə Quranın ayələrinə qarşı çıxır


“Məhəmməd Allahın rəsuludur” hökmünə gərək yoxdur”. Bu ifadəni Kəlimeyi-Tövhidə inanan bir insanın söyləməsi imkansızdır. Çünki bu hökmün inkarı dindən çıxmaqdır. Ancaq Fətullah Gülən “Qlobal barışa doğru” kitabının 131-ci səhifəsində nə yazırdı: “Hər kəs kəlimeyi-tövhidi əsas alaraq, çevrəsinə baxışını yenidən gözdən keçirməli və islah etməlidir. Hətta kəlimeyi-tövhidin ikinci bölümünə, yəni “Məhəmməd Allahın rəsuludur” qismini söyləməyənlərə də mərhəmət nəzəri ilə baxılmalıdır”.

Qurani-Kərimdə gerçək kafirlər olaraq, tanıdılanlara rəhmət nəzəri ilə baxılmasını müdafiə edən Gülən nə hikmətsə, o böyük dağ kimi olan sevgisini müsəlmanlara çox görür. Yüz minlərlə müsəlmana zülm verən yeni xaçlı ordusuna isə mərhəmət və sevgi ilə yanaşır.

Gülən “Məhəmməd Allahın rəsuludur” hökmünün olmadığında israr edir. “Xoşgörü və dialoq” kitabının 241-ci səhifəsində “Quran davamla “Allahı buraxıb, bəzilərimizi Rəbb etməyək” deyir. Diqqət edin, bu mesajda “Muhammedur Rəsulullah” yoxdur”.

 

Gülənin İslama və Həzrəti Məhəmmədə münasibəti ətrafına da sirayət edib. 17 aprel 2000-ci il tarixli “Zaman” qəzetində Gülənin yaxın adamı Əhməd Şahin yazırdı: “Mühüm olan kəlimeyi-tövhid inancıdır. Həzrəti Məhəmmədi təsdiq etmək isə bir şərt olmayıb, bir kamal mərtəbəsidir”. Görürsünüzmü, hansı üslubla müsəlmanları Həzrəti Məhəmməddən (s) soyutmağa çalışır, insanları dindən çıxarırlar…

Gülənin Həzrəti Peyğəmbərimizi (s) tanımağın şərt olmadığını söyləməsi əslində Həzrəti Məhəmmədə (s) qarşı cinayətdir. Kəlimeyi-şəhaətdən “Məhəmməd Allahın rəsuludur” ifadəsinin çıxarılması əslində İslama qarşı oynanan böyük oyunun bir parçasıdır. Əsrdən bəri İslama qarşı müxtəlif oyunlardan çıxan, Həzrəti Məhəmmədin (s) peyğəmbərliyini qəbul etməmək üçün min bir hiyləyə əl atan, ən sonunda “Məhəmməd İslam peyğəmbəridir” deyərək, bütün aləmə rəhmət olaraq göndərilən bir Elçini (s) bəlli bir qövmə göndərilmiş kimi təqdim edənlərin son oyunu da bu olsa gərək…

Bəs Qurani-Kərim nə deyir:
“De ki, Allaha və Peyğəmbərinə itaət edin. Əgər üz çevirirlərsə, Allah kafirləri sevməz”. Al-i İmran surəsi, 32-ci ayə.

“Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olur. Üz çevirənə gəlincə, səni onların başına qarovulçu göndərmədik”. Nisa surəsi, 31-ci ayə.

“Allah və mələklər peyğəmbərə çox salavat gətirirlər. Ey mömünlər, siz də ona salavat gətirin və tam bir təslimiyyət ilə salam verin”. Əhzab surəsi, 56-57-ci aylər.

Qeyd edək ki, Kardinal Rozanna xristianlığın qarşısındakı üç əngəli belə sıralayırdı:

1. İslamın hüquqi xarakteridir.
2. İkinci əngəl daha böyükdür. Müsəlmanlar tarixi kritik metodu, yəni bütün dini mətinlərin insan beyninin məhsulu olduğunu və yazıldığı dönəmin şərtlərinı uyğunluğunu qəbul etmirlər.
3. Üçüncüsü, İslam özünü xristianlıq və yəhudiliyi ləğv edən ən son bir din olaraq görməkdədir.

Kardinal müsəlmanların bu üç təməldən vaz keçmədən, onları ram etmənin, xristianların məqsədlərinə cavab verəcək şəkildə yönəltməyin mümkün olmayacağını bildirirdi.

Və Gülənin siyasətinə baxarsaq, kardinalın problem olaraq gördüklərini aradan qaldırmağa çalışdığını görməmək mümkün deyil. Kardinalın sıraladıqlarını Gülən ortadan qaldırmaq üçün Qurani-Kərimə belə dil uzatmaqdan çəkinmir. Fətullah Gülən, “Xoşgörü və dialoq iqlimi” kitabında “Quranın ayələri çox sərtdir” (səhifə 155) deyərək, kardinal həmkarının arzularını gerçəkləşdirməyə çalışır(Araşdırmaçı-yazar Aytunc Altındalın açıqlamasına görə, Gülən Vatikanın gizli kardinalıdır).

Diqqət edin, Allah-Təalanın qiyamət gününədək hökmünün sürəcəyini xəbər verdiyi Qurani Kərim haqqında Gülən nə söyləyir: “Qurani-Kərimdə xristianlıq və yəhudilər haqqında istifadə olunan ifadələrin çox sərt olduğu söylənilir. Keçmiş dönəmlərdə bəzi yəhudi və xristiyanların açıq gerçək qarşısında göstərdikləri inad, üsyan və düşmənliyi ifadə etmək üçün istifadə olunan Quran üslubu hər zamankı xristian və yəhudilər üçün istifadə olunmalıdır deyə, bir şərt və məcburiyyət ola bilməz. Bu cür ayələrdə sübuti-qətiyyə kimi dəlaləti-qətiyyə də axtarılmalıdır. Yəni, bu ayələrin Quran ayəsi olduğu doğrudur. Fəqət o ayələrin ilk gündın bu tərəfə bütün xristian və yəhudiləri nəzərdə tutduğu dəqiq deyil. Qənaətimə görə, hadisələri öz tarixi şərtləri içində ələ almalıyıq, yəni hər hadisəni öz dönəminin şərtlərinə uyğun şəkildə dəyərləndirməli, bu günki münasibətlərimizdə isə bu günün şərtlərinə diqqət etməliyik”.

Halbuki, Allah Təala Öz Kitabı haqqında belə buyurub:

“…Allahın qanunlarında bir dəyişiklik tapa bilməzsən”.
Əhzab surəsi, 63-ci ayə

“…Allahın qanununda əsla bir dəyişiklik tapa bilməzsən. Allahın qanununda əsla bir yanlışlıq tapa bilməzsən”.
Fatır surəsi, 43-cü ayə

Ancaq Kəlimeyi-Tövhiddən “Məhəmməd Rəsullah”ı silən Gülən Quranın hökmlərinin 1400 il öncəyə aid olduğunu iddia edir. Halbuki, məna və fitrət zamanla dəyişməz.

Gülənin bu fikirlərini oxuyanlar qarşılarına iki Gülənin çıxdığının şahidi olacaqlar. Bunlardan biri “İlanın başı Vatikandır” deyən Gülən, digəri isə Papanın əlindən öpən, müsəlmanları suçlayaraq, bunun adını dialoq qoyan Gülən.

Əslində, anlaşılmayan bir şey yoxdur. Gülənin hədəfi heç də mənəvi maariflənmə, İslamın gözəlliklərini anlatmaq deyil. Hədəf siyasi hakimiyyətdir. Siyasi hakimiyyəti ələ keçirmək üçün hərə bir yol seçir. Gülənin seçdiyi yol da İslamı öz qəlibinə salaraq, özünə sərf edən şəkildə bu dindən sui-istifadədən başqa bir şey deyil. Bu səbəbdən də yeri gələndə hicaba qarşı çıxar, lazım olanda hicab geyinənləri dövlətə qarşı qızışdırar. Gülən bir siyasətçi kimi xilafət arzusundadır. Bu səbəbdən də xilafəti aradan qaldıran Atatürkü bağışlaya bilmir. Bu səbəbdən də ardıcıllarına xilafətin son xəlifə-sultanlarının həyatlarını araşdırtdırır, Atatürkə qarşı Sultan Vahdettinin haqlı olduğunu isbatlatmaq istəyir. Çünki bu bir psixoloji savaşdır. Xilafəti qurmaq istəyənlər öncə xilafəti aradan qaldıranın haqsız olduğunu isbatlamalıdırlar.

İslamsız xilafət necə olacaq? Allahsız müsəlmanlıq olduğu kimi, islamsız xilafət də ola bilər. Zatən, Xülafayi-Raşidin dönəmini və Xəlifə Əbdüləziz dönəmini istisna etsək, İslamlı Xilafətin dönəminin illəri barmaqla sayılacaq qədər azdır.

Gülənin son hədəfi də Xilafətdir. Bunun üçün lazım gələrsə, Quran yerinə İncili belə qutsal saya bilər. Necə ki, kardinal həmkarlarına xoş gəlsin deyə, Quranı təhrif (əslində təhqir) etməkdən çəkinmir. Nədən xilafət? Çünki illərlə ona inananları buna inandırdı. Bir gün bunun gerçəkləşəcəyinə hazırladı.”Qızıl nəsil” hazırlığı əslində siyasi hakimiyyəti ələ almaq üçün idi və bu gün qardaş Türkiyədə həmin nəsil qardaşı qardaşla düşmən etməyə çalışır. Azərbaycanda isə hələlik həmin “qızıl nəsil” təşkilatlanmaqdadır. Bir gün bu gün Türkiyədə yaşananlar Azərbaycanda da yaşansa, bu sətirlər mütləq xatırlanacaq…

P.S. Onu da qeyd edək ki, “Xoşgörü və dialoq iqlimi” kitabının sponsoru erməni yalanını tanıyan yəhudi lobbisi ADL olub. Görürsünüzmü, iş nə qədər qarışıqdır. Bir tərəfdə Vatikan, digər tərəfdə yəhudi lobbisi. Bəs İslam hardadır? Əcaba, nurçulardan başqa Gülənin bir müsəlman din xadimi ilə şəklinə rast gəlmisinizmi? Ancaq istər erməni, istər yunan, istərsə də yəhudilərlə bol-bol rəsmləri var…

 

Aqil Ələsgər
“Yeni Çağ” Araşdırma Qrupu



Əlavə keçidlər

Oxşar xəbərlər:
· DAK-ın X Növbədənkənar Qurultayı başa çatdı (Yenilənib-Foto)
· Azərbaycana qarşı xəyanətkar ittifaqıMANŞET bölümünün son 20 xəbəri:
· 
Gülən Qurani–Kərimi təhrif (oxu:təhqir) etdi
· DAK-ın X Növbədənkənar Qurultayı başa çatdı (Yenilənib-Foto)
· “Fətullah Gülən hərəkatı yaranışdan etibarən siyasidir”
· Fətullah Gülənin “islam inqilabı” modeli
· Azərbaycana qarşı xəyanətkar ittifaqı  

 

 

 

 

 

 

 

 

Mustafa Kemal Atatürk

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir