TİFLİS ƏMİRLİYİNDƏ İDARƏETMƏ SİSTEMİ

tiflisRəşad Mustafa[1]

reshadmustafa@gmail.com

 

Məlum olduğu kimi Tiflis əmirliyi ərəb yürüşlərinin ilk dönəmində Cənubi Qafqaz vilayətinin idarəçiliyinə tabe edilmişdi [5, 18]. Güman ki, bu dövrlərdə məhz Tiflisdə Cənubi Qafqazdakı ərəb canişininin əmiri oturur, buradakı ərəb qarnizonuna və şəhərin müdafiəsinə rəhbərlik edirdi. Əmir sözünün meydana gəlməsi də yəqin ki, buna görə olub. Tiflisdəki əmirlərin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi ilk dövrlərdə güman ki, Cənubi Qafqazdakı canişinin əmrində idi. İlk dövrdə ərəb ordusunun şimal-qərbə doğru yürüş edən ordusunun mərkəzi gücü Tiflisdə olduğu üçün buradakı ərəb əmirlər vaxt keçdikcə əhəmiyyət qazanmağa başlayırlar. Bu əmirlər həm baş komandan, həm idarəçilik aparatının rəhbəri, həm də ədalət məhkəməsinin başçısı idi [6, 115; 8, 34]. Tiflisdəki əmirlər eyni zamanda Msxetadakı gürcü erimstavarlarına nəzarət edir, onlardan cizyə vergisini alır, lazım olanda onlardan gürcü əsgərlər tələb edirdi. Əmirin özünün dövləti idarə etdiyi və iqamətgah kimi istifadə etdiyi sarayı var idi. Saray bu günkü Tiflisdə Botanika bağına çıxan yolun üzərində yerləşirdi [8, 34]. Çox təəssüf ki, bu irsin öyrənilməsinə müasir Gürcüstanın apardığı dini və milli siyasəti imkan vermir və ərazidə arxeoloji qazıntılar aparılmır.

Tiflis əmirinin tabeçiliyində həm də Rustavi, Dumanis, Hunan kimi əhəmiyyətli şəhərlərdə oturan, VIII-IX əsrdə demək olar ki, bütün müasir Gürcüstanın şərq və cənub ərazilərini əhatə edən və buradakı qoşunlara rəhbərlik edən əmirlər də var idi. Bundan əlavə əmirin sarayında idarəçilik aparatını təmsil edən məmurlar da var idi.

Azərbaycandakı, eyni zamanda Tiflisdəki şəhər idarəsinin ən vacib və geniş yayılmış vəzifələrdən biri də şihnə olmuşdur. Şihnə əmirin, sultanın və ya başqa işğalçı hökmdarın təyin etdiyi və şəhərdə onun maraqlarını qoruyan hərbi dəstəsi olan nümayəndə olub. Ziya Bünyadov şihnəni şəhər qarnizonunun rəisi, polis və cəza dəstələrinin rəhbəri kimi xarakterizə edib. Gürcü çarı IV Davidin də işğaldan öncə Tiflisə 10 min dinar vergi qoymaqla yanaşı şəhərə 10 nəfər süvari ilə birlikdə gürcü şihnə təyin etdiyi məlumdur. Bu vəzifənin meydana gəlməsi Səlcuqlularla əlaqəlidir [1, 169]. Siyasətnamədə şihnə vəzifəsinə layiq olan adam imtina edərsə onu bu vəzifəyə zorla qoymaq haqqında qeyd də var [3, 60].

Tiflisdə təhlükəsizlikdən məsul olan şurta adlanan və müasir polislərin funksiyasını daşıyan bir qrup var idi. Onlar nəinki şəhərdə, eyni zamanda bütün əmirlikdə bu vəzifəni həyata keçirməyə çalışırdılar. Onlara Sahib əş-Şurat ya da şihnə rəhbərlik edirdi və bu da əmir tərəfindən təyin edilirdi [8, 34].

Muhtəsib adlanan başqa bir məmur məişət və dini adət ənənələrin yerinə yetirilməsinə, bazarlarda qayda-qanuna, şəhər yollarının düzəldilməsinə, vergilərin vaxtlı-vaxtında ödənməsinə nəzarət edirdi [8, 34]. Bu vəzifə İslam dininin mövcudluğundan qaynaqlanırdı və İslam xilafətinə daxil olan hər yerdə, eyni zamanda Azərbaycanda da rast gəlinirdi. Onlar “əmri bi-l maaruf və nəhy min əl-munkər” [yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək] devizini əsas tutaraq fəaliyyət göstərirdilər [10, 82]. İslam dinini yaxşı bilməli olan muhtəsiblər əsasən fəqihlər – İslam hüququnun biliciləri arasından seçilirdi.

O zamanlar Tiflis əhəmiyyətli ticarət mərkəzi olduğundan və mühüm ticarət yollarının üzərində yerləşdiyinə görə gömrük vergisinin alınması üçün müşrib adlanan xüsusi məmur da var idi. Amid adlanan başqa məmur əmir sarayının yazışmalarına, dəftərxana işinə rəhbərlik edirdi [8, 34]. Bəzi şəhərlərdə, məsələn, Bağdadda amidin bəzən şihnə ilə birlikdə şəhər idarəsində iştirak etdiyi də görülür [1, 29]. Məhkəmələrə isə İslam şəriətinə yaxından bələd olan və məhkəmələri elə bu şəriətə əsasən təşkil edən qazılar rəhbərlik edirdi. Onlar hüququn və İslamın qoruyucuları hesab olunurdular. Şəhərdə əhəmiyyətli məsələlərin həll olunmasında cami xətiblərinin də müəyyən rolu və nüfuzu var idi. Belə ki, 1122-ci ildə IV Davidin Tiflisi işğal edərkən burada qətllər törətməməsi üçün məhz xətib və qazi onun yanına xahişə getmişdilər. Nizamülmülkün “Siyasətnamə” – sində qazi, xətib, muhtəsib vəzifələrinə yüksək dəyər verilmiş, onların arasından yalnız vəzifəyə layiq olanların seçilməsi qeyd edilmiş, onlara yüksək maaş verilməsi təşviq edilmişdir. Çünki, müsəlamanların canı, malı onlardan asılı idi [3, 56] Tiflis qazilərinin arasında Əlaəddin Ömər Tiflisi, Əbul Qasim Mahmud ibn Yusif Tiflisi, Huseyn ibn Muhəmməd Tiflisi, Ömər ibn Bəndar Tiflisi kimi məşhurlarının adı günümüzə qədər gəlib çatmışdır [2, s. 313, s. 314, s. 318, s. 320]

Tiflis şəhərinin əhalisinin isə əmir yanında şəhər idarəçiliyində əhəmiyyətli rolu olan, vasitəçilik funksiyası daşıyan xüsusi nümayəndələri var idi. Bu nümayəndələr rəis adlanırdı [8, 34-35; 11, s.339, s.353; 7, 144-154]. Ümumiyyətlə, orta əsrlərdə rəis təkcə əmirlə əhali arasında vasitəçilik rolunu oynayan şəxsə deyil, eyni zamanda tacir və sənətkar birliklərinin rəhbərlərinə də deyilirdi. Rəislər şəhər idarəçiliyində çox əhəmiyyətli mövqeyə sahib idilər və bəzən bu postu irsi olaraq ələ keçirirdilər. Məsələn, Dərbənd əmirlərindən Əli bin Həsən haqqında məlumat verilərkən onun bu postu əcdadlarından aldığı, hökmdar cəsarəti və sultan əzəməti daşıdığı bildirilmişdir. Hökmdar və əmirlərin ondan qorxduğu, danışıqlarında əmin, döyüşlərdə qalib olduğu bildirilir. O öldükdən sonra şəhərdə rəislərin vəziyyəti pisləşmişdi. Bu hissədən məlum olur ki, Dərbənddə bir rəis deyil, bir neçə rəis var idi və onlar şəhərin birbaşa rəhbəri deyildilər [10, 104].

Rəisin idarəçilikdə çox əhəmiyyətli rolu olduğunu Beyləqanın nümunəsində də görə bilərik. Belə ki, “Məcmuətu qısas” əsərində Məsud ibni Namdar Beyləqanda şəhərlilərin üsyan qaldırdığı vaxt o dövrdə mustovfi vəzifəsini daşıyan Məsudun şəhəri tərk etmə istəyinə rəis qarşı çıxmış, ona və ailəsinin təhlükəsizliyinə tam zəmanət vermişdir. Deməli, bu rəislər həm əhali, həm də məmurlar arasında çox əhəmiyyətli mövqeyə sahib imişlər [10, 110]. Gürcü mənbələrində “Tbilelni berni” adlandırılan Tiflis rəisləri isə daha da təsirli idarə etməyə sahib olaraq, ən çətin anlarda əmirlərin irsi hakimiyyətini öz əllərinə ala bilirdilər.

Bundan əlavə şəhərdə xüsusi ağsaqqallar şurası adlanan şəhərin öndə gələnlərinin təşkil etdiyi bir şəhər məclisi də fəaliyyət göstərirdi. Bu məclisi yəqin ki, əhalinin, tacirlər və sənətkarların rəislərindən əlavə şəhərin ən əhəmiyyətli din və elm adamları təşkil edirdi. Burada əlbəttə ki, ən əhəmiyyətli yeri rəislər tuturdu. Şəhər məclisi ən çətin anlarda qərarlar qəbul edir, əmirə idarəçilikdə yardım edirdi. Hətta, əmirliyin tarixində elə vaxtlar olmuşdu ki, sülalə daxili toqquşmalar zamanı ağsaqqallar məclisi şəhər idarəçiliyini tamamilə öz əlinə keçirmiş, şəhərin bu kimi ədavətlərdən ziyan çəkməsini qoymamışdır. Bundan əlavə ağsaqqallar şurası şəhərin taleyüklü məsələlərinin həllində əsas qərar verən orqan olmuş, lazım gəldikdə başqa hakimlərin himayəsinə girmiş və bu hakimləri şəraitə görə özləri seçmişdilər. Tarixçi əl-Fariqi yazılarında qeyd edir ki, Cəfərilərdən sonra Tiflisi xalq özü idarə edirdi. Tiflislilər öz aralarından hər ay bir nəfəri idarə etmək üçün seçirdilər. Burada əlbəttə ki, kor-koranə, püşkə bənzər seçimdən, intizamsızlıqdan söhbət gedə bilməz. Güman ki, idarəçi ya şəhər ağsaqqallarından – rəislərdən biri, ya da onların etimad etdiyi bir şəxs olurdu [9, 96].

Gürcü tarixçisi Şota Mesxia şəhər məclisi idarə formasını Avropadakı kommunalara bənzətmişdir [9, 96]. Bu idarə forması qətiyyən Avropa şəhər məclislərinə bənzəmir, əksinə daxilindən hər ay bir nümayəndə seçilməsi onun rəis instituna daha çox bənzədiyini göstərir. Eyni zamanda buna bənzər idarəçilik orqanı Azərbaycanda və Şərqdə bir çox yerdə var idi. Məsələn 1049-cu ildə Şəddadi hökmdarı Əbul Həsən Əli II Ləşkəri Gəncədə vəfat edərkən hakimiyyəti hacib Əbu Mənsur əlinə keçirmək istəyirdi. Əbu Mənsurun qalaları düşmənə təslim etdiyini görən şəhər rəislərindən Heysəm ibn Meymun əl-Bəis, ipək taciri Yusif və şəhərin digər öndə gələnləri şəhəri qorumaqdan ötrü ona qarşı çıxır və mübarizə aparırlar [4, 208-209]. Yəni, eynilə Tiflisdəki kimi irsi hakimiyyətlə idarə edilməsinə baxmayaraq, Gəncədə də şəhər məclisi və rəis institutu həll edici rola malik idi. Buna görə də nə Tiflisi, nə də məclis və rəis olan digər şərq şəhərlərini Avropa kommunalarına bənzətmək doğru deyildir.

Beləliklə, məlum olur ki, bu dövrdə Tiflis yalnız xarici görünüşünə görə deyil, həm də şəhər idarəsi sistemi ilə də tipik şərq şəhəri olmaqla Arran-Azərbaycan şəhərlərindən biri idi.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

  1. Bünyadov Z. M. Azərbaycan Atabəyləri dövləti. Bakı: Elm, 1984 – 268 s.
  2. Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər. Bakı: Nurlar nəşriyyatı, 2011. – 415 s.
  3. Nizamülmülk. Siyasətnamə, — Bakı: “Elm”, 1989. – 212 s.
  4. Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: Elm nəşriyyatı, 1978. – 344 s.
  5. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünas – səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974 – 223 s.
  6. Gürcistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar) – Nikoloz Berdzenişvili, Simon Canaşia [İvane Cavahişvili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000. – 304 s.
  7. Лордкипанидзе М. Д. История Грузии XI – нач. XIII вв. Тбилиси: Издательство «Мецниереба», 1974 – 212 с
  8. Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Самшобло», 1991 – 112 с.
  9. Месхиа Ш. А. Дидгорская битва. Тбилиси: Издательство «Мецниереба», 1974 – 124 с.
  10. Мирзоева Э. Г. Городское управление Азербайджана (XI-XIII века). Баку, 2002 – 155 стр.
  11. Очерки истории Грузии (в 8-и т.). Т.II. Грузия в IV-X веках / [Ред.: М. Лордкипанидзе, Д. Мусхелишвили]. Тб., Издательство «Мецниереба»: 1988 – 580с.

Rəşad Əziz oğlu Mustafa – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun doktarantı

AZƏRBAYCANMİLLİELMLƏRAKADEMİYASI

TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR

2010, cild 34


от

Метки: